2019-cu ildə Yeni Zelandiyada 22 nəfərin ölümünə səbəb olan ölkənin şimalındakı Whakaari (Ağ Ada) vulkanının püskürməsi ilə bağlı 7 tur şirkəti “təhlükəsizliyi pozmaqda” günahkar bilinib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. 3 ay davam edən və Yeni Zelandiyada yerləşən 13 şirkətin iştirak etdiyi məhkəmə prosesi sonuncu şirkətin günahkar olduğu hökmü ilə yekunlaşıb.
Məhkəmə müəyyən edib ki, Whakaari Management Limited illər əvvəl partlayış ehtimalından xəbərdar olsa da, adekvat risk qiymətləndirməsi aparmayıb və lazımi ehtiyat tədbirləri görməyib.
Müvafiq olaraq, 7 tur şirkəti “təhlükəsizliyin pozulması” səbəbindən 22 nəfərin ölümünə səbəb olmaqda təqsirli bilinib.
Əvvəlki iclaslarda məhkəmə 6 şirkəti təqsirli bilib, digər 6 şirkətə qarşı ittihamları ləğv edib.
Günahkar olan şirkətlər 875 min dollara qədər cərimələnə bilər.
Məşhur turizm məkanı olan adada 2019-cu ilin dekabr ayında Whakaari vulkanı püskürmüş, təbii fəlakət nəticəsində 22 turist həlak olmuş, 25 nəfər ağır yaralanmışdı.