ABŞ-da aparılan yeni tədqiqat yerkökün narıncı rəngi üçün 3 resessiv genin lazım olduğunu üzə çıxarıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şimali Karolina Dövlət Universiteti və Viskonsin-Madison Universitetinin alimlərinin birgə apardıqları araşdırmalar çərçivəsində 600-dən çox yerkökün genomları və onların yetişdirildiyi keçmiş dövrlər araşdırılıb.
630 kökün genetikasını araşdıran alimlər tərəvəzə narıncı rəng verən genlər haqqında yeni detallar tapıblar.
Tədqiqatçılar tərəvəzlərdə A vitamininin sələfləri olan və kökə narıncı rəng verən karotenoidləri tənzimləyən üç spesifik gen olduğunu və onların hamısının resessiv olması lazım olduğunu aşkar ediblər.
Tədqiqatçılardan biri, Şimali Karolina Dövlət Universitetindən Massimo İorizzo deyib: “Normal olaraq, bu cür funksiyaları yerinə yetirmək üçün genlər dominant olmalıdır. Narıncı yerkökü vəziyyətində, A vitamininin öncülləri olan karotenoidləri tənzimləyən genlər, yerkökü narıncı rəngi, resessiv olmalıdır”.
Tədqiqat həmçinin IX-X əsrlərdə yerkökün Qərbi və Orta Asiyada geniş şəkildə becərilməyə başladığına dair yeni dəlillər üzə çıxarıb.
Bənövşəyi kök və sarı kökün Orta Asiyada geniş yayıldığını və oradan Avropaya gətirildiyini qeyd edən İorizzo, narıncı kökün ağ və sarı kökün genlərini keçərək ortaya çıxdığını və onların XV-XVI əsrlərdə Qərbi Avropada geniş yayıldığını bildirib.
Araşdırmanın təfərrüatları “Nature Plants” jurnalında dərc olunub.