Zelenski: “Ukrayna Krıma qayıdacaq!”backend

Zelenski: “Ukrayna Krıma qayıdacaq!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Krım-tatar xalqının soyqırımı qurbanlarının xatirəsini anma günü münasibətilə müraciət edib.

İnterpress.az xəbər verir ki, videomüraciət prezidentin Facebook səhifəsində yayılıb.

Zelenski budəfəki müraciətində ötən il Krım-tatar xalqının soyqırımı qurbanlarının anım günü münasibətilə etdiyi çıxışı xatırladıb və deyib ki, “Ukrayna Krıma qayıdacaq!” .

Prezident xatırladıb ki, Sovet hakimiyyəti 1944-cü il mayın 18-də Krımın yerli əhalisini – Krım tatarlarını məcburi deportasiya etməyə başlayıb. Sonra insanlar sağ qalma astanasına qoyulub, deportasiya zamanı və ondan sonra məcburi köçkünlərin demək olar ki, yarısı ölüb.

“Bu soyqırımı xalqa və bəşəriyyətə qarşı qəsdən törədilmiş tiranlıq cinayəti idi. Bu gün biz yenidən o zaman yaşananları yada salırıq. Və o tiranlığın nəsli 2014-cü ildən başlayaraq ikinci dəfə Krım tatarlarını öz evlərindən məhrum etməyə çalışır.

İşğalçılar şəhərlərimizi və kəndlərimizi viran qoyurlar. Onlar 12 milyondan çox ukraynalını evlərini tərk etməyə məcbur ediblər. Və yenə də 78 il əvvəl olduğu kimi, yüz minlərlə insanımızı zorla yad diyara – ucqar rayonlara deportasiya edirlər…

Amma bu il, bu müharibə günlərində biz sübut edirik ki, Ukrayna həqiqətən qayıdır. Həqiqət qayıdır. Xalq qayıdır”, – deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, 1944-cü ildə Sovet hakimiyyəti yüz minlərlə Krım tatarını Krımdan deportasiya edib. Onların əksəriyyəti Özbəkistana qovulub. Krım tatarları 1990-cı ildən sonra Krıma qayıtmağa başlayıblar.

1946-1947-ci illərdəki aclıq nəticəsində Özbəkistan ərazisində 16 min Krım tatarı həlak olub. Müxtəlif mənbələrin məlumatına görə, deportasiya olunan Krım tatarlarının 46%-ə qədəri həlak olub.