Ekspert ödənişli yollardan danışdı: “Azərbaycanda bu, mümkün deyil”backend

Ekspert ödənişli yollardan danışdı: “Azərbaycanda bu, mümkün deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə ödənişli yollarla bağlı məsələ yenidən müakirə obyektinə çevrilib.

İnterpress.az xəbər verir ki, bu barədə açıqlama verən yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, hazırda ölkəmizdə ödənişli ola biləcək yol hələ ki, yoxdur.

“Qanunda qoyulan 2 vacib şərt təmin edilməlidir:

1. Ödənişli yolun mütləq ödənişsiz alternativi olmalıdır (iki məntəqəni birləşdirən yeganə yol heç vaxt ödənişli ola bilməz).

2. Ödənişli yolun alternativi olan ödənişsiz yol da texniki göstəricilərinə görə bütün standart və tələblərə uyğun, təhlükəsiz və rahat hərəkət üçün abadlaşdırılmış olmalıdır.

Məsələn, yaxın gələcək üçün hədəflənən Ələt-Astara yolunun yeni salınmış hissəsi yalnız o halda ödənişli ola bilər ki, onun alternativi olan köhnə yol (Biləsuvar və Cəlilabaddan keçən yol) tam bərpa olunaraq ideal vəziyyətə gətirilsin. Hazırda həmin köhnə yol çox bərbad vəziyyətdədir. Belə vəziyyət tam aradan qaldırılana qədər yeni yolun ödənişli olması mümkün deyil”.

“Süni işıqlandırmanın ödənişlə bağlılığı yoxdur. Buna ehtiyac olan bütün yollar, hətta kənd küçələri də işıqlandırılmalıdır. Amma ödənişli yol deyəndə ağıla gələn avtomagistral olur. İndiki dünyada isə avtomagistral süni işıqsız təssəvvür edilmir”, – ekspert qeyd edib.

Qeyd edək ki, Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nı təsdiq edib. Forma “Avtomobil yolları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 17 noyabr tarixli 866-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Qanunun tətbiq edilməsi barədə” prezidentin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” prezidentin 2017-ci il 11 dekabr tarixli 1719 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul olunub.

Xatırladaq ki, formada ödənişli yolla bağlı məlumat operator tərəfindən operatorun internet şəbəkəsində saytı vasitəsilə, istifadəçinin tələbi ilə isə ödəniş haqqının alındığı məntəqələrdə çatdırılması nəzərdə tutulur. Ödənişli avtomagistralın başlanması və başa çatması haqqında nəqliyyat vasitələrinin gedişinə görə haqqın alındığı yol sahəsinin başlanması haqqında məlumat verən yol nişanı quraşdırılır. Məlumat və yol nişanları Azərbaycan dilində və operatorun istəyinə əsasən xarici dildə (ingilis dilində) təqdim edilir.

İnterpress.az