Bakı şəhərində yol polisi əməkdaşları ilə yol kənarlarında avtomobillərin dayanmasına nəzarət edən işçilərin birgə fəaliyyəti ifşa olunub.
Paytaxtın Neftçilər prospektində \”stoyanşik\”lərin nəzarəti ilə park edilən avtomobil sürücüləri yol polisi tərəfindən cərimə edilir.
İnterpress.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, prospekt boyunca hər bir avtomobilin park edilməsinə görə nəqliyyat vasitəsinin sürücüsündən nəzarətçilər tərəfindən 1 AZN alınır. Amma nəqliyyat vasitəsinin ödənişli park olunması daha sonra sürücünün cərimələnməsi ilə nəticələnir.
Belə ki, yol polisi ilə \”stoyanşik\”in birlikdə əməkdaşlıq etdiyi məlum olub. Dənizkənarı Bulvarda gəzinti üçün avtomobillərini park edən sürücülər cərimələnib. Sürücülər bildirib ki, avtomobillərin park olunmasına görə nəzarətçilər tərəfindən onlardan 1 AZN alınsa da, sonda yol polisi əməkdaşları avtomobillərin həmin ərazidə park edilməsinin qadağan olduğunu qeyd edib. Buna görə də, həmin sürücülər qanunsuz parklanmaya görə 20 manat məbləğində cərimə olunublar.
Sürücülərin sözlərinə görə, yol polisinin daha sonra həmin \”stoyanşik\”lərlə birgə fəaliyyət götərdiyi məlum olub.
\”Cərimə tətbiq olunduqdan sonra yol polisi \”stoyanşik\”ə yaxınlaşaraq ondan məbləği məlum olmayan pul alaraq getdi. Buradan belə qənaətə gəldik ki, onlar birlikdə işləyirlər. Əvvəlcə, sürücüləri qanunu pozmağa vadar edirlər. Daha sonra isə cərimə tətbiq edirlər\” – deyə, sürücülər etirazlarını bildiriblər.
İnterpress.az