İyulun 31-də Azərbaycan Qaçqınlar Cəmiyyəti (AQC) Azərbaycan Milli QHT Forumunun (MQF) Bakı QHT Resurs və Təlim Mərkəzində Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il soyqırımının 30-cu və 1948-1953-cü illər deportasiyasının 70-ci ildönümlərinə həsr olunmuş tədbir keçirib. Tədbirin gündəliyinə iki məsələ daxil edilmişdir:
– Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “1988-1992-ci illər deportasiyası zamanı Qərbi Azərbaycan qaçqınlarına dəyən maddi və mənəvi ziyanın hesablanması (3-cü mərhələ: maddi mədəniyyət abidələrinə dəyən ziyanın hesablanması)” layihəsinin yekun hesabatı;
– Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il soyqırımının 30-cu və 1948-1953-cü illər deportasiyasının 70-ci ildönümləri ilə bağlı qarşıda duran vəzifələr.
Birinci məsələ ilə bağlı Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli məlumat vermiş, 1988-1992-ci illərdə Qərbi Azərbaycan qaçqınlarına dəyən ziyanın hesablanması ilə bağlı son üç ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində görülən işlərdən danışmışdır. Məruzəçi bildirmişdir ki, həmin dövrdə soydaşlarımıza ictimai təsərrüfatlar üzrə dəyən ziyan 17,5 milyard ABŞ dolları, fərdi təsərrüfatlarda dəyən ziyan isə 2,5 milyard ABŞ dolları təşkil etmişdir. Bu da cəmi 20 milyard ABŞ dolları təşkil edir. Beynəlxalq hesablamalara görə isə ümumi məbləğ (20 milyard ABŞ dolları) işğalın hökm sürdüyü sonrakı 29 ilə vurulur və bu müddətdə təkcə ictimai və fərdi təsərrüfatlara görə Qərbi Azər¬baycan qaçqınlarına bu 30 ildə dəyən ziyan 580 milyard ABŞ dolları həcmində müəyyən edilmişdir. Yearaltı və yerüstü təbii sərvətlərə və maddi mədəniyyət abidələrinə görə dəyən ziyan isə daha böyük məbləğ təşkil edir ki, gələcəkdə bu da hesablanmalıdır. Soydaşlarımıza dəyən mənəvi ziyan isə ölçüyə gəlməz.
Sonra Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il soyqırımının 30-cu və 1948-1953-cü illər deportasiyasının 70-ci ildönümləri ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunmuş, qaçqınların problemlərinin mövcud vəziyyəti barədə məlumat verilmişdir.
Dövlət, QHT və KİV təmsilçilərinin, ictimaiyyət nümayəndələri¬nin iştirak etdiyi tədbirdə hər iki məsələ ilə bağlı geniş müzakirələr aparılmışdır.
Tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Firdovsi Kazımov, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, QHT rəhbərləri İradə Rzazadə, Səməndər Çaxmaqlı, Samir Adığözəlli, Nərmin Kərimova, Gülnəarə Vəlixanlı, Cəmilə (Çiçək) İsbəndiyarova, Cəmşid İrzaquliyev və başqaları çıxış etdilər.
Tədbirin sonunda Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il soyqırımının 30-cu və 1948-1953-cü illər deportasiyasının 70-ci ildönümlərinin Respublika səviyyəsində keçirilməsi məqsədilə Təşkilat Komitəsi yaradılmış, məsələ ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul olunmuşdur.
İnterpress.az