Xəsarət aldığı deyilən müəllimi biz də axtarırıq – Sumqayıt Təhsil Şöbəsindən AÇIQLAMAbackend

Xəsarət aldığı deyilən müəllimi biz də axtarırıq – Sumqayıt Təhsil Şöbəsindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində təmir işləri aparılan 21 nömrəli tam orta məktəbdə müəllimin yıxılaraq xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bu barədə İnterpress.az-a Sumqayıt şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində 12-ci mikrorayon ərazisində yerləşən 21 nömrəli tam orta məktəbdə təmir işləri aparılsa da, xəsarətlə nəticələn heç bir hadisə baş verməyib: \”Sumqayıt şəhər sakini, 1958-ci il təvəllüdlü Vaqif Həsən oğlu Əbdülrəhmanov çalışdığı məktəbdə təmir işlərinə kömək edərkən hündürlükdən yıxılaraq xəsarət alması ilə bağlı yayılan xəbər əsassızdır. Biz özümüz də məktəblə əlaqə saxladıq və məlum oldu ki, məktəbdə təmir işləri gedən zaman belə bir hadisə baş verməyib. Ümumiyyətlə, xəsarət aldığı deyilən V.Əbdülrəhmanov hazırda məzuniyyətdədir. O, bir neçə gündür ki, məzuniyyətə buraxılıb. Ona görə, məzuniyyətə gedən bir müəllimin, eyni zamanda, orta məktəbdə olmayan bir müəllimin xəsarət alması mümkünsüzdür\”.

Təhsil şöbəsindən bildirilib ki, xəsarət aldığı deyilən müəllimlə əlaqə saxlamağa çalışırlar: \”Hazırda biz özümüz V.Əbdülrəhmanovla əlaqə saxlamağa çalışırıq. Biz də onu axtarırıq ki, əlaqə saxlayaq özü ilə. Amma mobil telefonunu söndürüb deyə, əlaqə saxlaya bilmirik. Ümid edirik ki, yaxın saatlarda onun özü ilə danışa biləcəyik\”.

Qeyd edək ki, bu gün mətbuatda Sumqayıt şəhərində məktəbdə təmir işlərinə kömək edən müəllimin yıxılaraq xəsarət alması ilə bağlı xəbərlər yayılıb. Yayılan məlumatlarda deyilir ki, Sumqayıt şəhər sakini, 1958-ci il təvəllüdlü Vaqif Həsən oğlu Əbdülrəhmanov çalışdığı 21 nömrəli məktəbdə təmir işlərinə kömək edərkən hündürlükdən yıxılaraq xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Səid Qərib
İnterpress.az