Dövlət Komitəsinin əməkdaşı: “İKT-nin imkanlarından maksimum səviyyədə yararlanmaq çoxdan zərurətə çevrilib”backend

Dövlət Komitəsinin əməkdaşı: “İKT-nin imkanlarından maksimum səviyyədə yararlanmaq çoxdan zərurətə çevrilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövzu ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahid İsmayıloğlu AZXEBER.COM-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

– Diasporla İş üzrə Dövlət Komitəsi yeni texnologiyaların imkanlarından necə və hansı istiqamətlərdə yararlanır, möcvud imkanlarınız və təcrübəniz bu işlərin təşkilində yetərli olacaqmı?

– Bunun üçün Dövlət Komitəsi olaraq təklif etdiyimiz xidmətləri, ilk növbədə öz daxilimizdə, yetərli səviyyədə qurmağımız şərtdir. Buna görə, əvvəlcə Dövlət Komitəsinin İKT infrastrukturunun əsas qismini yenidən qurduq, indinin özündə də bu istiqamətdə bir çox ideyaları reallaşdırmağa çalışırıq. Diaspor quruculuğu istimətində ideyalar bol¬dur, Dövlət Komitəsinin məşğul olduğu obyektlər və hədəflər isə ölkə hüdudularından xeyili uzaqdadır və sayı milyonlarladır. Buna görə də İKT-nin imkanlarından maksimum səviyyədə yararlan¬malıyıq, daha dəqiq desəm, bu artıq çoxdan zərurətə çevrilib.

Dövlət Komitənin rəsmi internet saytını yeni tərtibatda, üç dildə istifadəyə verdik. Ən əsası sayt mütəmadi olaraq, üç dildə yenilənir, məzmu¬nu günbəgün zənginləşir. Saytın təhlükəsizliyi maksimum səviyyədə təmin edilib, çünki düşmənin gözü daim bu məzmunlu vebsaytların üzərində olur. Statistik göstəricilər nəzərə alınmaqla saytın mobil və digər qurğuları dəstəkləməsi təmin edilib. Sayt sosial şəbəkələr ilə tamamilə inteqrasiya edi¬lib və həm vebsayt üzrə, həm də ayrıca sosial şəbəkələr üzrə əhatəli analitik hesabatların qeydiyyatı aparılır.

Bundan başqa, diasporamap.com inforqrafik xəritə patformasını istifadəyə verdik, müxtəlif ölkələrdəki diaspor təşkilatlarını və tanınmış azərbaycanlıları ölkələr üzrə topladıq. Qeyd edim ki, bu istiqamətdə işlərimiz davam edir, təşkilatların vahid bazası təkmilləşdirilir.
Eyni zamanda, Dövlət Komitəsinin loqo və üslubunu çoxsaylı təkliflər nəzərə almaqla yenidən tərtib etdik.

Multimedia mehsullarının sayını artırmaqla Dövlət Komitəsi haqqında informasiya boşluğunu doldurmağa nail olduq. Video və inforqrafik çarxlar, slayd və təqdimat xarakterli informasiyalar saytımızın və sosial şəbəkələrin köməyi ilə geniş ictimaiyyətə çatdırıldı.

Müasir dövrün tələbinə uyğun olaraq sosial şəbəkələrə – əsasən facebook, twitter, youtube-a diqqət artırılıb. Xüsusilə sosial şəbəkələr üçün müxtəlif rubrikalar üzrə hazırlanmış multimedia materialları və rəsmi vebsaytın informasiya paylaşımları hesabına izləyicilərin sayında böyük artım oldu və proses sürətlə davam etməkdədir.

Bütün bu proseslərin nəticəsi olaraq Dövlət Komitəsinin rəsmi saytının əlaqə bölməsinə, e-poçtuna, sosial şəbəkə hesablarının mesajlar qutusuna, dünyanın dörd bir yanından ünvanlanan məktubların sayı təbii olaraq artdı, bütün məktublar cavablandırılır və aidiyyatı üzrə iqtiqamətləndirilir.
Bir sözlə hədəflərimiz və istiqamətimiz bəllidir.

– Diaspor təşkilatlarına texniki dəstək göstərilməsində məqsədiniz nədir və bu dəstək nələri əhatə edəcək?

– Biz diaspor təşkilatlarına onların elektron və sosial mediada işini gücləndirmək məqsədilə informasiya-kommunikasiya texnologiyaları sahəsin¬də tam ödənişsiz texniki dəstək təklif edirik. Diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dair dəstək göstərəcəyik. Bu dəstəyə ehtiyacı olan və ondan yararlanmaq istəyən diaspor təşkilatları www.diaspor.org ünvanına daxil olub qeydiyyat formasını doldurmaqla onlayn qaydada müraciət etməlidir. Qeyd edim ki, bütün təşkilatların saytları www.diaspor.org domeninin subdomeni altında – vahid mərkəzdə toplanacaq. Bir daha vurğulayaq ki, diaspor təşkilatlarına təklif edilən bu xidmət tam ödənişsiz həyata keçiriləcək və bütün diaspor təşkilatlarının ondan yararlan¬ması mümkün olacaq.
Bu gün diaspor təşkilatları arasında koordinasiya məsələsi ciddi problemdir. Təşkilatlar həm bir-biriləri ilə, həm də Dövlət Komitəsi ilə koordinasiyada çətinlik çəkir. Bir çox problemlər texniki səbəblərdən qaynaqlanır. Əsas məqsədimiz bu koordinasiyanın təşkilindəki texniki problemləri kökündən həll etmək, diaspor təşkilatlarını vahid bir bazada toplamaq, bütün təşkilatların bu bazaya çıxışını təmin etmək, onların texniki imkanlarını daha da artırmaqdır.
Əlbəttə, texniki imkanları yetərli səviyyədə olan təşkilatlar da bu xidmətlərdən kənarda qalmamalıdır. Çünki, bu, sadəcə texniki xidmət deyil, vahid bazanın formalaşması üçün fürsətdir. Burada quraşdırılacaq vahid platformada bütün təşkilatlar bir-birini görəcək, tanıyacaq, əlaqə quracaq, əməkdaşlıq edəcək, informasiya mübadiləsi aparacaq və nəhayət, daha güclü şəkildə təşkilatlanacaqlar.

– Proses necə və hansı formada baş tutacaq?

– Proses artıq başlayıb. Bu gün üçün 50-dən çox təşkilatın müraciəti onlayn şəkildə qeydiyyata alınıb.
Ümumilikdə proses 3 mərhələdə reallaşacaq. 1-ci mərhələdə təşkilatların onlayn şəkildə qeydiyyata alınmasıdır ki, təşkilatlar www.diaspor.org ünvanına daxil olub, sadə bir forma dolduraraq bir neçə saniyədə müraciət edə bilərlər. Dünyadakı 500-dən çox diaspor təşkilatının hər birindən müraciət gözləyir və istəyirik ki, kənarda bir təşkilat da qalmasın.

2-ci mərhələdə qeydiyyatdan keçmiş təşkilatların e-poçt üvanına vahid bir forma üzrə informasiyaların təqdim edilməsi üçün e-məktub göndəriləcək. Hər bir təşkilat bu informasiyaları təqdim olunmuş formaya uyğun doldurub geri göndərəcəklər. Dərhal məlumat göndərən təşkilatın internet saytının hazırlanmasına başlanacaq. Bu mərhələdə təşkilatlara e-poçt və SMM xidmətləri də təklif olunacaq. E-poçtu olmayan və ya mövcud e-poçt xidmətindən narazı olan təşkilat dərhal e-poçt ilə təmin ediləcək. Eləcə də sosial mediada marketinq işinin təşkilinə dair təşkilatlara dəstək, maarifləndirmə nəzərdə tutulur. Bu, həm birbaşa, həm də telekörpülər vasitəsilə təşkil edilə bilər.

3-cü, yekun mərhələdə vebsaytların idarə edilməsinin təşkilatların özləri tərəfindən həyata keçirilməsi üçün platforma qurulacaq. Bu platformalar vahid \”Diaspor portalı”nda birləşərək, zəngin bir baza yaradacaqdır.

– Bəs bütün təşkilatların saytlarının vahid mərkəzdə toplanması, informasiya bazası yaradıldıqdan sonra hansı müsbət nəticələr əldə ediləcək?

– Əslində bu çox vacib məsələdir. Təşkilatlanmada əsas iş koordinasiyadır. Bu gün diaspor təşkilatlarının çoxu bir-birindən xəbərsiz fəaliyyət göstərir. Bizim məqsədlərimizdən biri də budur ki, burada bütün təşkilatları bir çətir altına toplayaq, koordinasiya problemini kökündən həll edək. Bilirsiz, təşkilatların əksəriyyəti kifayət qədər aktivdir, bir çox işlər görürlər. Lakin təşkilatların bu səylərinin koordinasiya olunması, gücün birləşdirilməsi deməkdir. Bu halda isə, nəticənin daha səmərəli olacağı aydındır. İlk növbədə, gözlənti bundan ibarətdir.

– Sonda belə bir sual verim? Göstərəcəyiniz texniki dəstəkdən imtina edən və ya maraqlı olmayan diaspor təşkilatlarının olma ehtimalı necə, varmı?

– Xatırladım ki, bizim göstərdiyimiz dəstək sadəcə texniki xidmət deyil. Təşkilatlanmanın ilk addımıdır. Səmimi deyim! İnandırıcı görünmür ki, hansısa təşkilat bu məsələdən xəbərdar olsun, ancaq qoşulmasın. Onda aydın olacaq ki, hansı təşkilat bu xidmətdən imtina edirsə, deməli işini səmərəli qurmaqda və ciddi təşkilatlanmada maraqlı deyil.

Qeyd edim ki, bu layihə diaspor təşkilatları ilə bağlıdır, xaricdə yaşayan azərbaycanlılarla bağlı isə fərqli ideya və planlarımız var. Hazırda texniki planlaşdırmalar aparılır. Onu da diqqətə çatıdırım ki, bütün bu innovativ ideyaların gerçəkləşdirilməsi üçün lazım olan müasir texniki imkanlar və kadr potensialı Diasporla İş üzrə Dövlət Komitəsində mövcuddur və bizə müraciət edən hər hansı diaspor təşkilatını diqqətdən kənarda qoymayacağıq.

– Müsahibəyə görə təşəkkür edirəm.

– Mən təşəkkür edirəm

İnterpress.az