Türkiyədə 17 yaşlı gənc ikinci mərtəbədən yıxılan azyaşlı körpəni havada tutub.
İnterpress.az xəbər verir ki, bu barədə “İhlas Haber Ajansı” (İHA) məlumat yayıb.
Türkiyənin İstanbul şəhərində möcüzəvi və qəhrəmanlıq dolu hadisə baş verib. Fatih rayonunda küçə ilə gedən 17 yaşlı yeniyetmə Fövzi Zabaat ikinci mərtəbənin pəncərəsindən təhlükəli şəkildə boylanan 2 yaşlı Doha Məhəmməd adlı körpəni fərq edib və pəncərənin altında gözləmək qərarına gəlib.
Yeniyetmənin ehtiyat tədbiri boşa çıxmayıb – cəmi bir neçə saniyə sonra azyaşlı körpə müvazinətini itirərək pəncərədən aşağı yuvarlanıb.
Fövzi Zabaat sürətli reaksiya göstərərək körpəni yerə çırpılmağa qoymadan son anda havada tutmağı bacarıb.
Yeniyetmənin bu cəsarəti sayəsində 2 yaşlı uşaq heç bir ciddi xəsarət almadan xilas olub.
Hadisə anı ətrafdakı müşahidə kameraları tərəfindən saniyəbəsaniyə qeydə alınıb.
Gənc oğlanın bu fədakar addımı sosial şəbəkələrdə sürətlə yayılaraq milyonlarla insanın rəğbətini qazanıb, uşağın ailəsi isə gəncə dərin minnətdarlığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az






