Dəyərlərin yer dəyişdirdiyi bir dönəmdən keçirik. Əvvəllər mənəviyyata çox önəm verilirdi, indi daha çox maddiyata önəm verilir. Kapitalizmin ən amansız üzlərindən biri də mənəvi dəyərləri yox etməsidir. Gözümüz görə-görə Millətimizin mənəviyyatı aşılanır, min illərin arxasından gələn böyük Türk milli-mənəvi dəyərləri yox edilmək istənir. Mədəni irsimizə yetərincə sahiblənə bilmirik. Millətləri millət kimi yaşadan, tarixiylə yanaşı bir də kültürüdür ki, bunun içində ən əsas amillərdən biri də dilidir. Millətin mənəvi dəyərlərini yaradan insanlar var ki, sonradan onlar da millətin mənəvi dəyərinə çevrilirlər. Türk millətinin dəyərinə çevrilmiş kişilərdən biri də milli-azadlıq hərəkatının liderlərindən biri, millət vəkili, milli ziyalımız, Xalq şairi, yazıçı Sabir Rüstəmxanlıdır. Azərbaycan rus imperiyasına qarşı mübarizəyə qalxanda, Sabir bəyin yazdığı “Ömür kitabı” milli şüurun oyanmasında və millətin azadlığa gedən yolunun aydınlanmasında əvəzsiz rol oynamışdı. Millətin ömrünə gün kimi doğmuşdu “Ömür kitabı”. Onun yazdığı seirlər, gənclərə millət, vətən və dil sevgisini aşılamışdı. “Sağ ol, ana dilim” şeiri o dönəmdə dillər əzbəri idi. Sabir Rüstəmxanlı sadəcə yazmamışdı, yazdıqlarının arxasınca getmişdi, millətin ağır günlərində onun yanında olmuş, meydanlarda Azərbaycan Xalqının haqlı davasını müdafiə etmişdi.
Azərbaycanın “Müstəqillik Aktı”nda imzası olan bir səxsiyyət… O zaman çoxları Sovet İttifaqından qorxaraq gizlənəndə, müstəqilliyimizin əleyhinə səs verəndə Sabir Rüstəmxanlı tarixin verdiyi bu fürsəti millətimizin lehinə çevirmək üçün bütün təhlükələri gözə alaraq, mübarizənin ön sırasında olmuşdu. Hər şeyin alınıb-satıldığı bir dönəmdə, sözün qiymətdən düşdüyü bir ortamda Söz Sahibi olan kişilərdən biridir Sabir Rüstəmxanlı. Zaman gələcək onun haqqında da kitablar yazılacaq, necə ki yazılır.
“Tanımaq istəsən”lə yola çıxdı, “Sevgim-sevincim” dedi, “Gəncə Qapısı”nda “Ölüm zirvəsi”ni gördü, “Xətai Yurdu”nda “Bu, sənin xalqındır”, “Sağ ol, Ana Dilim” dedi, “Difai Fədaisi” oldu, “Tanrının Elçisi” Oğuz Hanla oğuzlandı, “Ömür kitabı”nda “Əbədi Sevda”sına qovuşdu və dünyanın bir çox ölkəsində çap olunan 50-dən yuxarı kitabın yazarı oldu. Türk Millətinin milli aydını Sabir Rüstəmxanlının bu gün doğum günü.
Mübarək olsun, uzun və sağlıqlı ömür arzulayırıq, Allah Sizi sevdiklərinizə bağışlasın!
İnterpress.az