Belə getsə, bu qış istilik olmayacaqbackend

Belə getsə, bu qış istilik olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 15-dən ölkədəki normativlərə uyğun olaraq mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunan abonentlər istilik almalıydı. 10 gündən artıq vaxt keçməsinə baxmayaraq abonentlər istilik üzünə həsrət qalıblar. Bu müddətdə KİV-lərdə verilən məlumata görə, qazanxanaların əksəriyyəti qaza görə borclu olduğundan onlara yanacaq verilməsi \”Azəriqaz\” tərəfindən dayandırılıb və buna görə də onlar heç fəaliyyətə başlaya bilməyiblər.

Neft Araşdırmaları Mərkəzinin apardığı araşdırmaya görə, 1 noyabr tarixinə \”Azəriqaz\” İstehsalat Birliyinə ölkədəki 526 qazanxanadan yalnız 160-nın borcu 1000 manatdan aşağı olub. Digərlərinin borcu bu həddən aşıb və nəticədə \”Azəristiliktəchizat\” ASC üzrə 40 milyon manatı keçib.
Həmin borcun 8 milyon manatı təkcə 2015-ci ildə yaranıb. Ümumiyyətlə, son 5 il ərzində \”Azəristiliktəchizat\” hər il orta hesabla istifadə etdiyi yanacağın təqribən 30-35 faizi müqabilində ödəmələr edib. Həmişə də bunu əhalinin pulu tam ödəməməsi ilə əsaslandırıb.

Mərkəzin ekspertləri qeyd edir ki, \”Azəristiliktəchizat\” ASC-nin balansındakı qazanxanalar hamısı təbii qazla işləyir. Yəni onları digər yanacaq növü ilə təmin etmək (mazut, kömür, dizel) iqtisadi cəhətdən səmərəsizdir.

Hökumətin maliyyə sənədləri ilə tanış olduqda görmək olar ki, bu qurum yarandıqdan sonra ASC-yə hər il dövlət büdcəsi xətti ilə 35-40 milyon manat vəsait ayrılıb. Xərcləmə maddəsinin adı da belədir: \”mənzil-kommunal təsərrüfatı sektorunda istilik sisteminə\”.

İndi sual olunur, bu qurumun vəzifəsi son 10 ildə ancaq ondan ibarət idi ki, büdcə vəsaitləri hesabına qazanxanalar tiksin, köhnələrini yenidən qursun və avadanlıq alsın? Bəs idarəçilik, bazar sistemində sovet sistemindən fərqlənən yeni iş üslubunun tətbiqi hanı?

Hökumət bu qədər vəsait ayırdığı halda bir hesabat tələb edibmi ki, qoyulan investisiyalar müqabilində əhalinin istiliklə təminatında hansı dönüş yaradılıb?

\”\”Əhali pul vermir\” dediyi mənzillərin böyük əksəriyyətində monitorinqlər aparılsa, illər boyu heç istilik olmur, ya da 150 isitmə günü əvəzinə heç yarısı da təmin edilmir, bəzi abonentlərə isə istilik ümumiyyətlə verilmir. Belə olan halda \”Azəristiliktəchizat\” istehlak etdiyi qazın pulunu nədən SOCAR-a tam ödəmir?

Ona görə də hazırda neftin qiymətinin yarıbayarı azaldığı bir vaxtda \”Azəristiliktəchizat\” kimi qeyri-effektiv qurumun saxlanılmasının dövlətə, insanlara bir faydası varmı?\”, -deyə ekspertlər sual edir.
Mərkəzin mütəxəssisləri tövsiyə edirlər ki, yeganə çıxış yolu kimi onun qısa bir zamanda \”Azəristiliktəchizat\”ın özəlləşdirilməsi olardı. Bundan həm dövlət qazanardı, həm də abonentlər. Düzdür, sonuncular üçün tariflər artacaq, ancaq evlərində istilik də olacaq, daha elektrikə əlavə xərc çəkilməyəcəkdi.

Dünən \”Azəristiliktəchizat\” ASC-nin sədr müavini İlham Mirzəliyev APA-ya müsahibəsində bildirib ki, noyabrın 15-dən payız-qış mövsümü başlamalı idi: \”Bütün zəruri hazırlıq işləri görülərək qazanxana və istilik şəbəkəsi avadanlıqları tam hazır vəziyyətə gətirilmişdir. Noyabrın 15-dən qazanxanalar işə salınsa da istehlak edilən təbii qaza görə borclar tam ödənmədiyi üçün \”Azəriqaz\” tərəfindən qazanxanaların qaz təchizatının dayandırılması haqqında göstəriş verilir. Təbii olaraq, biz dərhal müzakirələrə başladıq və bildirdik ki, məsələnin bu cür qoyuluşunu biz məqbul hesab etmirik. Çünki həm \”Azəriqaz\”, həm \”Azəristiliktəchizat\” bu dövlətin qurumlarıdır və bizim aramızda olan problemlərin vətəndaşa yansıması düzgün deyil. Biz hesab edirik ki, bununla bağlı Nazirlər Kabineti, Maliyyə Nazirliyi və ya ən pis halda məhkəməyə müraciət olunmalı idi. Bir az da uzağa getsək, bu cür məsələlərdə məhkəmədən öncə tərəflər arasında ilkin danışıqlar olmalıdır, yəni tərəflər mübahisəni məhkəməyə qədər həll etməkdə maraqlı olmalıdırlar. Əgər danışıqlar nəticə verməzsə, məhkəməyə müraciət etmək olar\”.

İlham Mirzəliyevin sözlərinə görə, bu gün müəssisənin zərərlə işləməsinin səbəblərindən biri mövcud tariflərin xərcləri bağlaya bilməməsidir: \”Heç kəsə sirr deyil ki, biz soyuq suyun 1 kubmetrini 1 manata alırıq, amma istehsal olunan isti su satılır 40 qəpiyə. Tariflər arasındakı disbalansa fikir verin.

Digər səbəb odur ki, büdcədən maliyyələşdirilən təşkilatların, o cümlədən – təhsil, səhiyyə ocaqları, körpələr evi, qocalar evi və sair sosial obyektlərin istilik haqlarının ödənməsi üçün müəyyən edilmiş limitlər faktiki tələbatın 50-52 faizini təşkil edir. Başqa sözlə büdcədən maliyyələşdirilən təşkilatlar faktiki olaraq istehlak etdikləri istilik enerjisinin dəyərinin yalnız yarısını ödəyirlər. Yəni bu qəbildən olan müəssisələr üçün bir limit müəyyənləşdirilib. Lakin biz onları enerjisiz qoymuruq, halbuki, bunu etməyə bilərik, çünki zərərimiz artır. Yanvarın ortasında bu sosial obyektlərdə istiliyin kəsilməsi nə dərəcədə doğru olardı? Axı o əlil də bizimdir, məktəbli də bizimdir, xəstə də bizimdir. Hesab edirəm ki, bir dövlət qurumu olaraq biz düzgün addım atırıq. Və burada qeyri-adi bir şey yoxdur, dünyanın hər bir yerində belədir\”.

Sədr müavini qeyd edib ki, \”Azəriqaz\” \”Azəristiliktəchizat\”dan 2005-ci ilədək, yəni həmin müəssisə yaranmamışdan öncə yığılan borcları da tələb edir: \”Borclar \”Azəristiliktəchizat\” ASC yaradılana qədər mövcud olan müəssisələrin borcları nəzərə alınmaqla hesablanır. Ölkə Prezidentinin imzaladığı sərəncamda birmənalı şəkildə yazılıb ki, ASC-nin yaradılması ilə əlaqədar ləğv olunan müəssisələrin borclarının tənzimlənməsi ilə bağlı aidiyyəti qurumlar təkliflərini hazırlayıb təqdim etsinlər. Bununla bağlı \”Azəriqaz\”la dəfələrlə məhkəmə çəkişmələrimiz olub və bu sərəncamı əldə rəhbər tutaraq məhkəmə ləğv olunan müəssisələrin borcunu \”Azəristiliktəchizat\” ASC-yə aid etməyib.

Biz etiraf edirik ki, bizim borcumuz var. Amma \”Azəristiliktəchizat\”ın fəaliyyəti dövründə yaranmış borcun da dəqiqləşdirilməsinə zərurət var.

Bütün \”Azəristiliktəchizat\”ın istehlak etdiyi qazın həcmi \”Azəriqaz\”ın satdığı qazın həcminin 1,74%-ni təşkil edir. Başqa sözlə, söhbət \”Azəriqaz\” üçün o qədər də böyük rəqəmdən getmir. Bu o deməkdir ki, bizim istehlak etdiyimiz qaz \”Azəriqaz\”ın fəaliyyətini iflic edəcək səviyyədə deyil\”.

İnterpress.az