Oktyabrın 17-də işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun niyə həbs edilməməsi ətrafında müəmmalı vəziyyət davam edir. “Yeni Müsavat” hələ bir ay əvvəl yazmışdı ki, E. Mahmudov barəsində ev dustaqlığı barədə qətimkan tədbiri seçilib və sabiq nazir ciddi nəzarət altındadır.
Onu da qeyd etmişdik ki, ev dustaqlığı həbsə alternativ qətimkan tədbiri olduğundan şəxsin həbsə alınması barədə məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər. Yəni bu o deməkdir ki, E.Mahmudov barədə əvvəl həbs sanksiyası verilib, amma bu, ev dustaqlığı ilə əvəz olunub. Məlumatda deyilirdi ki, sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib. Sabiq nazirə əmri ilə bərabər, həm də həmin sənədlər təqdim edilib. Böyük ehtimalla nazir barədə sanksiyanı baş prokurorun müavini Rüstəm Usubov imzalayıb, Səbayel Rayon Məhkəməsi isə ev dustaqlığı barədə qərar verib.
Baş Prokurorluğun son məlumatına görə, MTN-dən qovulan 19 sabiq vəzifəli şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib. Prokurorluq kimin barəsində ev dustaqlığı qərarı verildiyini açıqlamır.
Baş Prokurorluğun açıqladığı siyahıdan sonra mediada ev dustağı edilən şəxsin MTN-in Əməliyyat-Texniki Baş İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mirvətova olduğu iddia edildi. Amma 19 nəfərlik həbs edilənlər siyahısında N.Mürvətovanın adı var. Bu halda isə ev dustağı edilən şəxsin, “Yeni Müsavat”ın yazdığı kimi, Eldar Mahmudovun olması təsdiqlənir.
Sabiq nazirin Xüsusi Dövlət Mühafizə İdarəsi əməkdaşlarının ciddi nəzarət altında olduğu dəqiqdir. E.Mahmudov oktyabrın sonunda Badamdardakı villasından çıxarılıb və Bakı ətrafındakı dövlət bağlarından birində saxlanılır. Onun yanında yalnız xanımı qalır və onun da bayıra çıxmadığı iddia olunur. Eldar Mahmudovun ailə üzvlərinin, həmçinin qayınatasının keçmiş nazir işdən çıxarılmamışdan bir neçə gün əvvəl Azərbaycandan getdiyi iddiaları var, amma bu məlumat bu günədək də nə təsdiq, nə də təkzib olunub.
Yeri gəlmişkən, bu ilin sentyabr ayının 24-də E.Mahmudovun qızının toyu olub. E.Mahmudovun kiçik qızı Nərgiz Mahmudova Rasim Əliyevlə ailə həyatı qurub. Toy mərasimi “Buta Palace”da baş tutub. O zaman mətbuat yazırdı ki, N.Mahmudova mərhum prezident Heydər Əliyevin qardaşı nəvəsi ilə ailə həyatı qurub. Yaxın keçmişə ekskurs edəndə, belə aydın olur ki, 2012-ci ildə isə “Buta Palace” sarayında Eldar Mahmudovun oğlu Anar Mahmudov evlənib. O da Beynəlxalq Bankın o vaxtkı rəhbəri Cahangir Hacıyevin qızı ilə ailə qurub.
Cahangir Hacıyev və E.Mahmudov barəsində həbs qərarının verilməməsinin səbəbləri sırasında yuxarıda qeyd etdiyimiz qohumluq əlaqələrinin nə dərəcədə rolu olub-olmadığını demək çətindir. Çünki bu adamlar həbsxanaya salınmasalar da, faktiki istintaq altındadırlar. C.Hacıyevə də ölkədən çıxmaq yasağı var və o tez-tez kredit işi ilə bağlı istintaqa çağırılır.
E.Mahmudovun dindirilib-dindirilməməsi barədə də maraqlı xəbərlər var. Məsələn, hələ bir müddət əvvəl redaksiyamıza belə bir xəbər daxil olmuşdu ki, sabiq naziri ifadə almaq üçün nəzarətdə saxlandığı yerdən çıxarıblar. Amma xüsusi konvoy bağdan çıxdıqdan bir neçə dəqiqə sonra geri qayıtmalı olub. Xəbərə görə, buna səbəb sabiq generalın “özünü çox pis hiss etməsi” olub. Mənbə bildirib ki, onun bu vəziyyətdə dindirilməsi məqsədəuyğun olmayıb. Amma sabiq nazirin “istintaqla əməkdaşlıq etdiyi” deyilir.
Daha bir sensasion xəbər E.Mahmudovun həbs edilən işçilərinin “generala sadiq qalması” barədədir. Yəni cinayət məsuliyyətinə cəlb edilənlər sabiq naziri suçlamırlar. İddia edilir ki, həbs edilənlər vəkillərinə də tapşırıb ki, E.Mahmudov barəsində, ümumiyyətlə, bir kəlmə belə danışmasınlar. Qeyd edək ki, doğrudan da “Beynəlxalq Bank” işi ilə bağlı tutulanların vəkilləri tez-tez C.Hacıyevin hələ də məsuliyyətdən yayındığını deməkdən çəkinmirlər. Ötən həftə isə Yüksək Texnologiyalar və Rabitə Nazirliyinin həbsdəki sabiq aparat rəhbəri Vidadi Zeynalov barəsindəki mənimsəmə ittihamlarına vəkili vasitəsilə münasibət bildirərək “nazir Əli Abbasov idi” mesajı göndərib. V. Zeynalovun daha bir mesajı da maraqlıdır. O, israrla adının E.Mahmudovla hallanmasını istəmədiyini deyib.
Maraqlıdır ki, “MTN işi”nin vəkilləri də E.Mahmudovu “yaddan çıxarıb”. Yəni ayrı-ayrı epizodlarda E.Mahmudovun adı keçsə də, həbs edilənlərin və ya onların yaxın qohumlarının sabiq nazir haqda hələ ki suçlamaları yoxdur.
Daha bir maraqlı məqam isə “Delta Telekom”un baş direktoru Ramazan Vəliyevin ötən həftəsonu ANS-ə müsahibəsi ilə bağlıdır. R.Vəliyev noyabrın 16-da baş vermiş məlum yanğından sonra Azərbaycanın saatlarla internetsiz qalmasından, müəssisədə MTN-in xüsusi qurğu yerləşdirməsindən və bəzi maliyyə mənimsəmələrindən danışarkən Eldar Mahmudovu suçlayıb.
Müsahibədə Eldar Mahmudovun prezidentin adından danışması barədə maraqlı məqam var: “Şəxsən özü (E.Mahmudov-red.) mənə bildirdi ki, avadanlıq quraşdırılmalıdır. Biz bilirik ki, Avropa oyunlarında müxtəlif terror hadisələri gözlənilir və mən cənab prezidentə məruzə etmişəm, avadanlığın quraşdırılması üçün şərait yaratmağa borclusuz və hətta oradakı 1 milyon 700 min ABŞ dolları dəyərində olan əlavə avadanlıqlar operatorlar tərəfindən alınacaq. Bunların hamısı sizin tərəfinizdən təmin olunmalıdır və bu, cənab prezidentin göstərişidir. Bunu da mən yenə bizə lisenziya verən təşkilata məruzə etdim ki, vəziyyət bu yerdədir. Yəni artıq cənab prezidentin adı ilə bizə göstəriş gəlir ki, bu qoyulmalıdır”.
Ümumiyyətlə, yanğın baş verən otağın efirdə göstərilməsi, idarə rəhbərinin bəzi məsələləri bütün təfərrüatları ilə anlatması və əsas ittihamları da E.Mahmudova yönəltməsi bəzi suallar yaradıb. Yəni hakimiyyət MTN-in “Delta Telekom”da qurduğu xüsusi sistemin və sonradan güman ki, uzaqdan komanda ilə yandırılması faktının ortaya çıxmasını arzulasaydı, indiyədək bunu öz televiziyaları vasitəsilə edə bilərdi. İkinci bir maraqlı məqam budur ki, “Delta-Telekom” Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, E.Mahmudovla münasibətləri hər zaman gərgin olan Bəylər Əyyubovun nəzarətindədir. Bəylər Əyyubov MTN-dəki gizli dinləmələrlə bağlı işə nəzarət edir.
Ona görə də ehtimal etmək olar ki, bu müsahibə məhz baş qorumanla razılaşdırılıb. Amma maraqlıdır ki, müsahibə yayıldıqdan sonra ANS onu saytından çıxarıb, bəzi saytlarda isə xəbərin “kökü silinib”. Güman ki, bu müsahibə iqtidarın bəzi dairələri ilə razılaşdırılmayıb və bu səbəbdən narazılıq yaradıb. Çünki bu, faktiki, Eldar Mahmudovun və Əli Abbasovun tutulması üçün təkzibolunmaz sübutlardır. İqtidar isə bu həbslərə görə nədənsə tələsmir… (musavat )