Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, Ferens List Musiqi Akademiyasının professoru, pianoçu və dirijor Tamaş Başarinin rəhbərlik etdiyi münsiflər heyəti dünyanın müxtəlif ölkələrindən gəlmiş 30 ifaçının musiqi duyumunu və dirijorluq məharətini qiymətləndiriblər.
Budapeştdəki italyan Mədəniyyət Mərkəzinin Cüzeppe Verdi zalında keçirilən yekun konserti qalibləri müəyyən etməyə imkan yaradıb. Münsiflər heyətinin yekdil qərarı ilə birinci yeri Orxan Haşımov (Azərbaycan) və Oliver Oşanin (Fransa), ikinci yeri isə Joost Smeets (Hollandiya) tutub.
Müsabiqə iştirakçıları Budapeşt Simfonik Orkestrinin müşayiəti ilə Pyotr Çaykovskinin, Klod Debüssinin, Bela Bartokun, Andrea Potreranın və İohann Bramsın əsərlərini səsləndiriblər.
O. Haşımov 1995-ci ildə Bakıda anadan olub. Hazırda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alır.
Müsabiqənin qalibinə diplom və pul mükafatı təqdim edilib. Orxan Haşımov həmçinin 2016-2017-ci ildə Budapeşt Simfonik Orkestri ilə Macarıstan paytaxtında və məşhur Esterhazi qəsrində, “İtalyan virtouzları” silsiləsindən Verona simfonik orkestri ilə İtaliyada (Verona), Fridrix Şopen adına Polşa-Baltika filarmoniya ansamblı ilə Polşada (Qdansk) konsert proqramları ilə çıxış etmək üçün dəvət alıb.
Interpress.az