İnterpress.az İran KİV-nə istinadən xəbər verir ki, dekabr ayının 1-də Tehran küçələrindən narkotiklərdən asılı olan və küçələrdə yaşayan qadınlar Tehran polisi tərəfindən nəzarətə götürülüb. Tehranın cənubunda yerləşən Herəndi adlanan məhəllədə,səfil və küçə həyatı yaşayan “bədnam narkoman\” qadınlar çoxluq təşkil edirlər. Məlumata görə bu reyd zamanı nəzarətə götürülən səfil və yüngül həyat tərzi keçirən 600-ə qədər narkoman qadının, Narkoloji Mərkəzə göndərilməsi nəzərdə tutulub.
Bunu Tehran şəhər bələdiyyə sədrinin ictimai məsələlər üzrə müavini Meysəm Emrudi açıqlayıb.
İranda küçələrdə səfil və yüngül həyat tərzi keçirən ,həmçinin narkotik vasitələrdən asılı olan qadınlara “bədnam narkoman” qadınlar deyilir.Onlara Tehranın və digər yaşayış məntəqələrinin küçə və parklarında tez-tez rast gəlmək olar.Son zamanlar özünü İran cəmiyyətində qabarıq şəkildə göstərən bu məsələ, artıq Tehranda ayrı-ayrı məhəllələrdə yaşayan sakinlərin hökumətə kütləvi şikayətləri ilə müşahidə olunur. Əlaqədar təşkilatların statistik məlumatına görə, İranda 1 milyon 300 min narkotik maddə istifadəçisi vardır.Təqribi rəqəmlər görə isə, paytaxt Tehranda 1500 qadın,15 mindən yuxarı kişi narkoman vardır.
İranda həbs olunanların yarıdan çoxu, narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olduqları üçün məhkum olunublar.
İnterpress.az