İnterpress.az-a danışan tarixçi alim Dilavər Əzimli də bu açıqlamaya çox qəzəbləndiyini bildirdi: “ Məsələyə münasibət bildirənlərin sayı göstərdi ki, Azərbaycan ictimaiyyəti özünün qəhrəman oğlunu doğurdan da ürəkdən sevir. Yəni, M.Ə.Rəsulzadənin heykəli bu millətin qəlbindədir. İllər keçdikcə bu heykəl daha da möhkəmlənir. Çünki dünyada vətən naminə hər şeydən keçdi, amma müstəqilliyi seçdi”.
Tarixçi alim bu gün dövlətimizin atributu olan bayrağımızı da məhz M.Ə.Rəsulzadənin hesabına tanıdığımızı dedi: “Qoynunda Azərbaycanın üçrəngli bayrağı xarici dolaşdı. Bu bayraq onun özü idi. Onun baxışları həmin bayraqda əks olunmuşdu. Sonradan bu üçrəngli bayrağı da onun hesabına tanıdıq. Çünki buraxdığı jurnalların üzərinə bu bayrağın əksini qoyardı. Doğurdan da, bir kərə yüksələn bayrağı enməyə qoymadı. İndi bu bayrağın altında oturan Naqif Həmzəyev kimilər ona çamur atmaqla Azərbaycan dövlətçiliyinə, onun bayrağına çamur atırlar.
Bu insan hansı ailədə böyüyüb? Ona necə tərbiyə veriblər? Bu cür yalıncıqlar millətin qara ləkəsidir. Əslində, bu bizim iqtidarı düşündürməlidir”.
D.Əzimli parlamentimizdə N.Həmzəyev kimi dar düşüncəli, hər an tariximizə çirkab atmağa hazır olan deputatların sayının çox olduğunu söylədi: “Parlamentdə Naqif kimiləri çoxdur, sadəcə onların səsi çıxmır deyə, içlərindəki elə içlərində qalıb. Onun kimi bizim parlamentdə nə qədər desən deputat vardır. Baxın, elə ona görə də heç birinin səsi çıxmadı. Heç bir deputat həmkarını tariximizi ləkələdiyinə görə qınamadı. Bircə Fazil Mustafa münasibət bildirdi. Doğrusu, başqalarının münasibətini görmədim. Demək, onun kimi düşünənlər çoxdur. Hələ Aydın Mirzəzadə onu az qala müdafiə etdi. Bu nə münasibətdir? YAP niyə münasibət bildirmir?
Belə insanlarla hansı dövlətçiliyi möhkəmləndirmək olar. Belələri sabah bu ölkəni talayıb, sonra da xəyanət edəcəklər. İqtidar sosial şəbəkəyə diqqət yetirməlidir. Baxın, millətin əksəriyyəti ona qarşı oldu. Bu, nəticədir. Amma bu nəticəni və Naqif kimiləri danışdıran səbəblər var. O səbəbləri zərərsizləşdirmək lazımdır. Üç ildir ki, M.Ə.Rəsulzadənin büstünün başına torpa keçiriblər. Sanki Azərbaycan dövlətçiliyinin başına torpa keçiriblər. Bu insanlar necə dövlətçi olarlar? Gürcüstanda və Ermənistanda bunu edənləri Allah bilir nə günə qoyarlar. Belə insanlar sabah Rusiya bayrağını öpəcəkdir. Sosial şəbəkələrdə bu məsələ qaldırılanda iqtidar buna reaksiya verməliydi. Gəncə İcra başçısına bunun qarşısının alınması tövsiyyə olunmalıydı. Əksinə, bu məsələ ilə bağlı yazanları təqib etməyə başladılar. Gəncəli jurnalist Azər Allahverdiyev polis şöbəsinə aparıldı. Göründüyü kimi, Naqifin dedikləri nəticədir. Naqif də güman etdi ki, bu yolla daha böyük xal qazana bilər. Bunu etdi. Amma hesablamadı ki, xalq onu bu günə qoya bilər. Ona görə də partiyadaşları tərəfindən dəstəklənmədi. Bu gün iqtidar bu insanı zərərsizləşdirməlidir. Çünki bu insan öz düşüncəsiz deyimi ilə gəncəliləri də pis vəziyyətdə qoydu. Yerli gəncəlilər ona qarşı hücuma keçdilər və yazdılar ki, sən buralı deyilsən, Qərbi Azərbaycanın Vardanis rayonundansan, get oranın qeyrətini çək. Göründüyü kimi, Naqif özünün dayaz ağlı ilə gəncəlilərin nifrətini başqa səmtə yönəltdi. Buna görə də çıxış yolu ya onun rəsmi şəkildə bu millətdən üzr istəməsi, ya da deputatlıqdan geri çağırılması ola bilər. Çünki milləti təhqir edib. Belə olmasa, onu kütləvi şəkildə məhkəməyə vermək lazımdır. Onda başqalarına dərs olar, başa düşərlər ki, dövlətçilik nədir, millət nədir, tarixi şəxsiyyətlər kimdir”.
Abuzər Azəroğlu