İnterpress.az-ın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, TANAP layihəsi 2018-ci ildə, bəlkə də daha tez istifadəyə veriləcək: “Bununla da Türkiyə və Avropa ölkələri yeni qaz mənbəyinə çıxış əldə edəcəklər. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bizim əsas ixrac yolumuz da Türkiyə və Türkiyə üzərindən digər Avropa ölkələridir”.
Ə. Davudoğlu isə Heydər Əliyevin Türkiyə və Azərbaycanı bir millət, iki dövlət, şair Bəxtiyar Vahabzadənin də bir atanın iki övladı adlandırdığını xatırladıb. O, Azərbaycanın uğurla inkişaf etdiyini söyləyib: “Türkiyə hər zaman Azərbaycanın yanındadır. Əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycan prezidentini G20 sammitində iştirakı bizi qürurlandırdı. Görüşümüzdə TANAP layihəsinin 2018-ci ildə deyil, daha tez istismara verilməsi barədə razılığa gəldik, nazirlərə müvafiq tapşırıqlar verildi. Avropanın enerji təhlükəsizliyində Xəzərin resursları mühüm rol oynayır. Bakı-Tiflis-Qars dəmir yolu da Çindən Avropaya uzanan yolun onurğasını təşkil edir. Çinlə də bu mövzuda görüşlərimiz, müzakirələrimiz olub. Azərbaycan prezidentinin Çinə səfərində də bu məsələ müzakirə ediləcək. Biz Azərbaycanı, Bakını Asiyanın yüksələn ulduzu kimi görürük. Baş nazir kimi bəyan edirəm ki, qarşıdakı 4 ildə də Azərbaycan bayrağı haradadırsa, Türkiyə də orada olacaq\”.
Türkiyə baş naziri qeyd edib ki, iki ölkə ticarət dövriyyəsinin həcmini 5 milyard dollardan 15 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyub.
İnterpress.az