İnterpress.az xəbər verir ki Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Cebhe.info-ya deyib ki, evlərlə yanaşı məktəblərə, xəstəxanalara da işıq verilmir: “İşıq verilmir. Qaz üçün isə hazırda SOCAR-ın 50 nəfər əməkdaşını kəndə gəlib. Bütün yayı oturublar, qışda yadlarına düşüb ki, Nardarana qaz verilməlidir. Qaz boruları və sayğaclar yoxlanılır. Bir neçə dəfə qaz sayğaclarını yoxladılar gördülər ki, oradan evə qaz gəlmir. Sayğacları sökdülər, yenidən qurdular. Amma yenə də qaz təmin olunmadı. İndi bu dəfə də işləyirlər. Kəndə qazın nə vaxt veriləcəyi isə bilinmir. İşıq xəttimizdə heç bir problem yoxdur. “Azərişıq” işə salsa problem həll olacaq”. Ağsaqqalın sözlərinə görə, qaz və işıq olmadığından bütün kənd camaatı qızınmaq üçün odundan istifadə edir: “O vaxtdan ehtiyat üçün taxta və odun parçaları yığmışıq. Mən başımı bir təhər dolandırıram. Amma bunun qocası, körpəsi, xəstəsi var. Camaatla üz-üzə gəlməyə də çəkinirəm”. “Azərişıq” ASC-nin bildirdiyinə görə, Nardaran əhalisinin işığa kifayət qədər borcu olduğundan kəndə elektrik enerjisinin verilməsi dayandırılıb. Borc məsələsinə ilə bağlı fikirləri Natiq Kərimov əsəbi qarşılayıb: “Necə olur ki, borcumuz 42 milyon manat olur? Onlar hesablayırlar, pul silirlər. O qədər dərk etmirlər ki, bu vəziyyətin sonu olacaq? Düşünmürlər ki, polislər gedəndən və vəziyyət sakitləşəndən sonra biz bu camaatla üz-üzə gələcəyik. 53 milyon manat Azərbaycanın, 42 milyon isə Nardaranın borcu var. Nə vaxtsa prezidentlə görüşəcəyik və sənədləri tək-tək onun qarşısına qoyacağıq. Məgər biz nə qədər işıq istifadə etmişik. Allah görür ki, bu məsələdə kim düzdür”. Kənd ağsaqqalı onu da əlavə edib ki, dekabrın 1-dən başlayaraq daxili qoşunlar və xüsusi təyinatlı dəstələrin əməkdaşları kəndin girişində və daxilində təhlükəsizılik məqsədilə nəzarət tədbirlərini davam etdirirlər.Kəndin girişində xüsusi polis postları qurulub. Qeyd edək ki, noyabrın 26-da Nardaranda polislə \”Müsəlman birliyi\” təşkilatının üzvləri arasında silahlı qarşldurma olub. Qarşıdurmada 2 polis əməkdaşı və 5 dindar dünyasını dəyişib. Dekabrın 1-dən isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qəsəbədə əməliyyat keçirilir.