İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniyanın Xarici İşlər Nazirliyi, İranda cəsusluq ittihamı ilə dörd il əvvəl həbs olunan ingilis vətəndaşını azad etməyə çalışır. Tehranda iqtisadi məsələlər üzrə məsləhətçi işləyən 76 yaşlı Kamal Fəruği, 2011-ci ildə “xarici dövlətə cəsusluq etmə” maddəsi ilə həbs edildi. Amma bu hadisə yalnız iki ay bundan öncə bilindi. Fəruğinin ailəsi nəhayət ki, sükutu pozmaq qərarına gəlidi və media qarşısına çıxdı. Bundan sonra isə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi, İngilis vətəndaşı azad etmək üçün səy göstərdiklərini açıqladı. Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin mətbuat müşavirlərindən biri deyib ki, Böyük Britaniya Xarici İşlər Naziri Filip Hammond, Fəruğinin məsələsini İranın rəsmilərinin, o cümlədən İran prezidenti Həsən Ruhaninin diqqətinə çatdırıb.
O, həmçinin vurğulayıb ki, bu günə qədər Britaniyalı diplomatlar cənab Fəruği ilə konsulluq vasitəsilə əlaqə qura bilməyiblər. Məsələ bundadır ki, İran ikili vətəndaşlıq qanununu tanımır. Lakin, Xarici İşlər Nazirliyinin sözçüsü arxayın etdi ki, Böyük Britaniya hökuməti cənab Fəruğinin tezliklə azad olunmasına çalışacaqdır. Çünki onun fiziki vəziyyəti və səhhəti həbsdə qalmasına imkan vermir. İran hakimiyyəti isə bu günə qədər nə Fəruğinin həbs edilməsini təsdiq edir, nə də bu barədə heç bir şərh vermir. Xarici mətbuatın xəbərinə görə indi, İran həbsxanalarında ikili vətəndaşlığı olan bir çox xarici vətəndaş var. Başqa bir mənbə bildirir ki, həbs edilənlərin hamısı Amerika vətəndaşlarıdır. Onlar cəsusluqda ittiham edilərək həbs olunublar. Onlardan biri də, “Vaşinqton Post” qəzetinin Tehran şəhəri üzrə müxbiri Ceyson Rzaiyandır. Tehran məhkəməsi yalnız iki ay bundan öncə Rzaiyanın həbs olunduğunu elan etdi. Ancaq bu həbsin detalları barədə indiyə qədər heç bir açıqlama verilmədi. İranda həbs edilən amerikalı vətəndaşlar arasında Amerika Hərbi Dəniz Qüvvələrinin keçmiş hərbçisi Əmir Hikməti və “Crescent” strateji planlaşdırma və neft şirkətinin Tehran ofisinin direktoru Siyamək Nəmazi də var. Qeyd etmək lazımdır ki, həbs edilən bu şəxslərin də ikili vətəndaşlığı var.
İnterpress.az