Türkiyəli cərrah Hayati Akbaşın “Bakı əməliyyatı”backend

Türkiyəli cərrah Hayati Akbaşın “Bakı əməliyyatı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər bir qadının gözəl görünmək haqqı var. Bəziləri bu gözəlliyə təbii prosedurlarla, sağlam qidalanma və idmanla nail olsa da, əksəriyyət daha asan yola, estetik cərrahiyyəyə üz tutur. Amma bu ən asan yoldurmu? Qətiyyən, dünyanın ən məşhur ulduzlarının, ən nüfuzlu klinikalarda etdiriyi plastik əməliyyatlar bəzən o qədər uğursuz olur.

Amma bu gün bu yolla pul qazanan xeyli dəllalar var. Bəli, loru dillə desək, estetik cərrahiyyə bazarını bu gün daha çox dəllalar ələ alıb.
Onlardan birini, Azərbaycan telekanallarının durmadan reklam etdiyi türkiyəli estetik cərrah Hayati Akbaşın ölkəmizdə xeyli qurbanı var. Telekanallara inana siravi vətəndaşlar bir anda 20 yaş cavanlaşacaqlarına, bütün problemlərindən qurtulacaqlarına əmin olub, özlərini bu estetik cərrahın bıçağına qurban verirlər.
İnterpress.az-a müraciət edən Hüseynova Dilşad Hüseyn qızı da tez-tez Bakının qonağı olan, yerli telekanallarda durmadan reklam olunan Hayati Akbaşın onu gözəlləşdirəcəyinə, yaşla bağlı üz-gözündə yaranmış problemləri aradan qaldıracağına inanıb. Daha doğrusu, telekanallar bu qadını Hayati Akbaşın növbəti qurbanına çevirib.

Abşeron rayonu, Gənclər şəhərciyində yaşayan qadın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən Medera Hospitalda “göz qapaqları” əməliyyatı keçirib:
“2012-ci ilin noyabr ayının 23-də İstanbul FBM Klinikasında Hayati Akbaş tərəfindən gözlərimdə dəri sallanması səbəbi ilə “göz qapaqları” əməliyyatı olunmuşam. Bu əməliyyat üçün mən Hayati Akbaşın tələbi ilə klinikaya 3.500 manat pul ödədim. Lakin əməliyyat uğurlu alınmadı, nəticəsi demək olar ki, çox fəsadlı oldu.
Bu barədə şikayət edəndə Hayati Akbaş təkrar əməliyyatın vacib olduğunu bildirdi. Mən 2013-cü ilin iyun ayının 5-ində həmin klinikada təkrar əməliyyat olundum. Əməliyyatdan sonra Hayati Akbaş mənə dedi ki, guya göz ətraflarına və yanaqlarıma yağ dolğuları edib və dolğuların haqqı olaraq 1.500 manat ödəməliyəm. Mən klinikada 1 gecə qaldıqdan sonra, səhəri gün gətirib Hayati Akbaşın tələb etdiyi məbləği ödədim. Lakin təkrar əməliyyatın da nəticəsi uğursuz oldu.
Yenədə həmin klinikaya getdim və ödədiyim 5.000 manatın qarşılığında (iki dəfə kəskin dozalı “narkoz” aldım) əməliyyatın uğursuz olduğunu Hayati Akbaşın diqqətinə çatdıraraq ya pulumu geri qaytarmasını, ya da problemi həll etməsini tələb etdim”.

Dilşad Hüseynova danışdıqca sanki “Məlikməmmədin nağılı”ı dinləyirsən. Bir qadına qarşı bu qədər rəzil münasibətin səbəbi isə sadəcə olaraq, Hayati Akbaşın pul tamahı və yerli telekanalların tamaşaçılara qurduğu tələdir. İndi inanmayacaqsınız, amma inanın. Özünü estetik cərrah adlandıran Hayati Akbaş pasiyentlərini türk qardaşlarımız demiş, bax belə “dolandırıb”, yəni aldadıb, hər dəfə yeni əməliyyata sövq edib pullarını yeməklə məşğuldur. O, bu pullarla telekanallarda özünü reklam etdirib, növbəti qurbanlarını ovlayır:
“Bu dəfə şikayət edəndə Hayati Akbaş mənə dedi ki, əməliyyatın uğurlu olması üçün qaşların dartılmalı və əlavə yağ dolğusu vurulmalıdır. Mən lazımdırsa eləməsini istədim və bu zaman Hayati Akbaş bildirdi ki, bunun üçün əlavə 1.600 manat ödəməlisən. Mən yaxın qohumlarımdan borc alaraq, 1.600 manatı da Hayati Akbaşa ödədim və daha pulumun olmadığını dedim. Hayati Akbaş 11 dekabr 2013-cü ildə məni 3-cü dəfə yenidən əməliyyat etdi və palatada olarkən bildirdi ki, heç bir problem yoxdur, bu dəfə əməliyyat çox uğurlu olub.

Lakin, üzümdəki və göz ətrafımdakı şişlər çəkildikdən sonra, güzgüdə özümə baxanda dəhşətə gəldim. Hayati Akbaşa zəng vurdum ki, güzgüyə baxa bilmirəm, əmliyyatın uğursuzluğundan depresiyaya düşmüşəm. O, da dedi ki, narahat olma, hər şey yaxşı olacaq. Üçüncü əməliyyatdan 4 ay keçdikdən sonra, mən əməliyyat olunduğum klinikaya getdim və orada mənə bildirdilər ki, Hayati Akbaş xəstə fəsadlarına görə klinikadan qovulub, hazırda Medera Hospitalda işləyir”.
Bu qadınla danışdıqca dəhşətə gəlirəm. Oxuculara bu söhbət anının nə qədər ağrılı olduğunu anlatmaq üçün deyim ki, Dilşad xanımın göz yaşları bir an qurumadı. Bir qadının niyə bu qədər asanlıqla hər növbəti əməliyyata razı olduğuna da mat qalmayın. Sadəcə olaraq, bu qadın hər dəfə üzündəki fəsadın aradan qalxacağına inanıb və bütün əzabalara qatlaşıb Həm mənəvi, həm maddi, həm fikizi zərbəyə məruz qalan D.Hüseynova yenə də cərrah masasına uzanmalı olub:

“Bu dəfə Medera Hospitala gəldim və Hayati Akbaşla görüşdüm. O, mənim üzərimdə aparılmış əməliyyatın fəsadlı olduğunu etiraf etdi və bildirdi ki, burun əməliyyatı olunsan üz gözün qaydasına düşəcək.
Mən artıq tanınmaz hala düşdüyümdən iynənin ucu boyda ümid yeri axtarırdım və buna görə də razılaşdım əməliyyata. Bu zaman Hayati Akbaş mənə dedi ki, bura başqa klinikadı və burada pulu tam şəkildə ödəmək lazımdı. O məndən 3.000 manat tələb etdi, lakin mən 2.500 manat borc toplaya bildim. Aparıb 2.500 manatı Hayati Akbaşa ödədim və o mənim burnumu Medera Hospitalda əməliyyat etdi. Əməliyyatdan sonra isə, palatada yanıma gələrək mənə bildirdi ki, daha heç bir problem olmayacaq. Bu dəfə də burnumda və üzümdə şişlər çəkildikdən sonra, gördüm ki, üz görüntüm daha da bərbad olub. Yenə də Hayati Akbaşa zəng vurdum. Hayati Akbaş məni sakitləşdirməyə çalışaraq bildirdi ki, növbəti ay gəldiyində problemi həll edəcək”.

İki il ərzində həmsöhbətim bütün qazancını Hayati Akbaşın cibinə doldurub. Təki onun törətdiyi fəsadlar aradan qalxsın. Amma qalxdımı? Şikayətçi deyir ki, hər növbəti əməliyyat onu daha eybəcər hala salıb: “25 iyun 2014-cü il tarixdə Hayati Akbaş məni Medera Hospitala çağırdı və müayinə edərək bildirdi ki, azacıq problem var. Mən problemin azacıq deyil, kifayət qədər olduğunu dedim. O, məni sakitləşdirərək bildirdi ki, rahat ol, hər şey yaxşı olacaq və bu dəfə problemlər həll olunacaq. Hayati Akbaş mənə bildirdi ki, sənin burnuna qığırdaq qoyulacaq, ona görə 1.000 manat ödəməlisən. Mən ağladım və pulumun olmadığını bildirdim. Bu zaman Hayati Akbaş mənə dedi ki, ödəniş olmasa əməliyyat yenə uğursuz alınacaq. Mən qorxdum və borc xərc tapıb Hayati Akbaşa 1.000 manat pul ödədikdən sonra, o məni əməliyyat etdi. Əməliyyatdan bir neçə gün keçdikdən sonra, gördüm ki, burnumda və üzümdə olan problem düzəlməyib və əksinə daha da görkəmsiz hala düşmüşəm. Medera Hospitala getdim və orada mənə dedilər ki, Hayati Akbaş gedib Türkiyəyə, gələn ay gələcək. Mən Hayati Akbaşın özünə zəng vurdum və ağlayaraq niyə məni tanınmaz hala saldığını soruşdum. O, mənə bildirdi ki, narahat olma, gəlib hər şeyi yoluna qoyacaq. O, növbəti ay gəldi və məni müayinə edib bildirdi ki, bir neçə ay keçsin, düzələcək”.

Aradan daha bir il keçir və 26 avqust 2015-ci ildə Hayati Akbaş D.Hüseynovanı bu dəfə özü axtarır. Onu Medera Hospitala çağırır: “Müayinədən sonra mənə dedi ki, azacıq korreksiya etsə görüntülər düzələcək və üz gözüm normal olacaq. Amma əməliyyatın lap yaxşı olması üçün üzgərmə eləmək lazımdır və üz gərilərsə heç bir problem olmayacaq. Üzgərmə üçünsə mütləq ödəniş etmək lazım idi. Hayati Akbaş bildirdi ki, üzgərmə əməliyyatını 8.000 manata edir. Lakin məni 3.500 manata əməliyyat edəcək. Mən yenədə çarəsiz qalıb gedib borc xərc pul topladım və gətirib Hayati Akbaşa ödədim. Hayati Akbaş məni 6-cı dəfə əməliyyat etdi və bu dəfə heç bir problemin olmayacağına söz verdi. Lakin, 6 dəfə “narkoz” vurulması nəticəsində sinir sistemlərimin pozulmasına və 6 dəfə əməliyyat olunmağıma baxmayaraq yenədə əməliyyat uğursuz alındı”.

D.Hüseynova telekanalların bizə estetik cərrah kimi sırıdığı dəllala, Hayati Akbaşa zəng vurub ağlaya-ağlaya üzünün bərbad hala düşdüyünü deyir. Bu dəfə qarşı tərəfin çıxış yolu qalmır. Artıq üzdə ediləcək bütün əməliyyatlar edilmişdi. Bu dəfə qaçmağa, bəhanəyə yer yox idi. Odur ki, Hayati Akbaş Dilşad xanıma tarixə düşəcək cavab verir: “Azərbaycanlılar əməliyyatı bəyənmirlər və buna görədə belə olur. Mən daha Azərbaycana gəlməyəcəm. Bundan başqa heçnə edə bilmirəm. İstəyirsən gəl, Türkiyəyə burada əməliyyat edim”.

Dilşad Hüseynova Hayati Akbaş və onun kimi digər dəllalların nə birinci, nə də sonuncu qurbanı deyil. Lakin qurbanların çoxu nəinki başına gələnləri deməkdən çəkinir, heç əməliyyat olunduğunu etiraf etməyə cəsarəti olmur.

P.S: Yazıda adı çəkilən tibb müəssisələri və şəxslərin mövqeyini yayımlamağa hazırıq.

Ardı gələn sayımızda

Arzu Abdulla
İnterpress.az