XİN: Ermənistanın təxribat əməlləri hər vəchlə danışıqlar prosesini pozmağa yönəlibbackend

XİN: Ermənistanın təxribat əməlləri hər vəchlə danışıqlar prosesini pozmağa yönəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev son günlər cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatlara münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, son günlər ərzində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki ölkənin sərhədi boyunca Ermənistan tərəfindən təxribat-diversiya əməllərinin törədilməsi, iriçaplı silahlar, minaatan, qumbaratan və digər ağır atəş vasitələri tətbiq edilməklə, atəşkəs rejiminin intensiv şəkildə pozulması həyata keçirilir. Ermənistan tərəfinin qəsdən törətdiyi məsuliyyətsiz və hərbi avantüra xarakterli əməllərin nəticəsində son bir neçə gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin 2 nəfər hərbi qulluqçusu şəhid olub, 2 nəfər isə yaralanıb.

XİN sözçüsü bildirib ki, eyni ssenari üzrə rəsmi Yerevan 2014-cü ilin noyabrında Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə keçirilmiş Azərbaycan və Ermənistan Prezidentlərinin görüşündən dərhal sonra təxribatçı məqsədlərlə Azərbaycanın işğal olunmuş ərazilərində 46.000 şəxsi heyətin və 5000 ədəddən artıq texnikanın iştırakı ilə genişmiqyaslı hərbi təlim keçirərək, məlum helikopter insidentinin baş verməsinə rəvac verdi.

H.Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsinə və insidentlərin baş verməsinə xidmət edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

Əks təqdirdə, təcavüzkar və işğalçı dövlət kimi yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Interpress.az