Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, onlardan 19 nəfər barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa cəlb olunublar. Bir nəfər isə isintaqdan yayındığı üçün haqqında həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib. Daha bir nəfər barəsində isə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Həbs edilənlərin adı açıqlansa da, axtarışda olan şəxsin kimliyi məlum deyildi.
Bu gün istintaqdan yayındığı üçün axtarışa verilən şəxsin adı məlum olub. Bu Mustafayev Akif İsmayıl oğludur. Akif Mustafayev bu işdə adaşı Akif Çovdarovun qrupunda yer alıb. O iş adamları ilə adaşı arasında vasitəçi rolu oynayıb. Həmin adamlara kəsilən “xərac”ı A.Mustafayev toplayaraq Çovdarova çatdırıb.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması, Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində iş adamlarının izlənilərək, nazirliyin inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, rüşvət alınması, hədə-qorxu yolu ilə onlara məxsus külli miqdarda nağd pul, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsində ittiham olunurlar.(qafqazinfo)
İnterpress.az