İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Norveçin paytaxtı Oslo Şəhər Ratuşasında keçirilən mərasimdə bu ilki Nobel Sülh mükafatı laureatı olan \”Tunis milli dialoq Kvarteti\” təşkilatının fəallarına bu ölkənin Kralı V Haraldın iştirakı ilə üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və pul mükafatları təqdim olunub.
Tədbirdə Norveç Kral ailəsi, ölkənin Baş naziri, hökumət üzvləri də iştirak ediblər.
Mərasimdə çıxış edən Norveçin Nobel Komitəsinin rəhbəri Kaci Kullmann Five deyib: \”Builki təltif hazırda mövcud olan müharibə və qarşıdurma şəraitində əsl sülh mükafatını təcəssüm edir. Biz təlatümlü dövrdə yaşayırıq, Şimali Afrika, Yaxın Şərq və Avropada milyonlarla insan müharibədən əziyyət çəkir, terrordan və zülmdən qaçmağa məcburdur. Əgər hər bir ölkə Tunisdə dialoqa, tolerantlığa, demokratiyaya və bərabər hüquqlara zəmin yaratsaydı daha az insan qaçmağa məcbur olardı\”.
Qeyd edək ki, \”Kvartet\” bu mükafata 2011-ci ildə Tunisdə baş verən inqilabdan sonra ölkədə milli dialoqun və plüralist demokratiyanın yaradılmasına töhfəsinə görə layiq görülüb.
İnterpress.az