İclasda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları, SOCAR-ın vitse-prezidentləri Rəfiqə Hüseynzadə, Rəhman Qurbanov, habelə BP şirkətinin vitse-prezidenti Robert Vat və mütəxəssislər iştirak ediblər.
İclasda mümkün ekoloji problemlərin və neft dağılmaları ehtimalının hesablanması və qarşısının alınması məsələləri müzakirə olunub. Bu məqsədlə havadan helikopter və sudan gəmilər vasitəsi ilə ərazi koordinatlarının müəyyən edilməsi və zəruri tədbirlər görülməsi üçün “Azərkosmos”dan ərazinin gündəlik çəkilişlərinin alınmasına qərar verilib. Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə xüsusi gəmilər vasitəsi ilə dağılmalara qarşı bonların düzülməsi nəzərdə tutulub.
Keçirilmiş iclasın nəticəsi olaraq bu gün səhər işçi qrupun üzvləri qəza yerinə uçaraq, helikopterdən əraziyə baxış keçiriblər. Uçuş zamanı qəza ərazisində neft dağılmaları müşahidə edilməyib. Qəza rayonunda mütəmadi müşahidə və tədqiqatlar aparılması üçün bir ədəd monitorinq gəmisi və neft dağılmalarına qarşı müasir avadanlıqlarla təchiz edilmiş 6 digər gəmi əraziyə göndərilib. Xüsusi təchiz edilmiş bu gəmilər dağılma halları baş verərsə, neftin yığılması və utilizasiya məntəqələrinə çatdırılması üçün tam hazır vəziyyətə gətirilib.
İnterpress.az