Türkiyə İŞİD terror qruplaşmasının nəzarətində olan ərazilərlə sərhədini beton divarla səddə alacaq.
Bu maneə bu ərazilərdən İŞİD və digər terror təşkilatlarının Türkiyəyə keçmənin qarşısını alacaq. Beton bloklardan ibarət sədd Suriya ilə həmsərhəd olan Kilis və Qaziantep əyalətlərində tikilir. Uzunluğu 82 kilometr olan səddin hündürlüyü 4 metr olacaq.Türkiyənin rəsmi hökumət nümayəndəsi bu informasiyanı şərh etməkdən imtina edib.
Avqustun ortalarında Suriya ilə həmsərhəd olan digər bir türk şəhəri Reyhanlıda da beton maneənin tikintisinə başlanılıb. Hatay vilayətinin Reyhanlı ərazisində inşa olunan səddin artıq xeyli hissəsi çəkilib. Səddin eni 2 metr, hündürlüyü isə 3 metrdir. Beton sədd sərhəd boyunca 8 km ərazini əhatə edəcək. Yerli rəhbərlik işlərin qısa müddətdə tamamlanacağını bildirib.
Bundan əlavə Türkiyə Silahlı Qüvvələri İŞİD və digər terror təşkilatlarının Suriya ilə sərhəddən Türkiyə ərazisinə keçməyinə qarşı 2 milyard lirəlik mühafizə layihəsi hazırlayıb. Bu layihədə beton divar, gözətçi qüllələri, bütün sərhəd boyu avtomobillərlə nəzarət üçün asfalt yol, gücləndirilmiş qəfəs telləri, projektorlar, pilotsuz təyyarələrlə havadan, zirehli maşınlarla isə qurudan nəzarət olunması nəzərdə tutulur.
Həmçinin Türkiyə Daxili İşlər Nazirliyi Suriya sərhədində təhlükəsiz ərazi yaratmaq məqsədi sərhəddəki valiliklərə 20 milyon lirəlik vəsait göndərib. Hatay, Gaziantep, Kilis və Şanlıurfa əyalətləri \”təhlükəsizlik divarı\” üçün ortaq layihə hazırlayıblar. Layihəyə görə, Türkiyə ilə Suriya arasında olan 911 kilometrlik sərhədə beton divarlar yerləşdiriləcək. Eyni zamanda, divarın Türkiyə hissəsində əlavə olaraq yüksək tel hasar da çəkiləcək. Təhlükəsizlik tədbirlərini izləmək üçün sərhəddə işıqlandırma və kamera sistemi quraşdırılacaq. Bu istinad divarı ABŞ-ın Meksika sərhədinə çəkdiyi divara bənzər şəkildə inşa ediləcək. ( anspress.com )
İnterpress.az