“Bu, bütün dünyada qəbul olunmuş praktikadır. Azərbaycan bu məsələdə hətta bir qədər də yubanıb. Bundan başqa, son hadisələr də göstərdi ki, iki xüsusi xidmət orqanını bir nəfərin tabeçiliyində saxlamaq düzgün deyil” – deyə keçmiş MTN zabiti bildirib.
Ə.Oruclu XKX-nin gələcək fəaliyyət istiqamətlərindən bəhs edərkən bildirib ki, üç istiqamət – Ermənistan, İran və Rusiya iqtiqaməti prioritet olmalıdır: “Ermənistanla bağlı vəziyyəti izah etməyə xüsusi ehtiyac yoxdur. İran və Rusiyanın isə Azərbaycanda böyük geosiyasi maraqları var. Onlar fəal işləyirlər. Bu da adıçəkilən ölkələr üzrə müvafiq kəşfiyyat fəaliyyətini zəruri edir”.
Ekspertin sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin funksiyaları da konkretləşdirilib: “Bu xidmət xarici kəşfiyyatlara qarşı əks-kəşfiyyat, daxili təhlükəsizliyin təmin olunması, narkobiznesə, insan alverinə qarşı mübarizə ilə məşğul olacaq”.
Ə.Oruclunun sözlərinə görə, Eldar Mahmudov MTN rəhbəri postunda olarkən o qədər neqativ işlər görüb ki, nazirliyi islah və xilas etmək faktiki olaraq artıq mümkün deyildi: “İndi isə xüsusi xidmət orqanlarının öz yeni rəhbərləri var. Onlar kadrları özləri seçib işə qəbul edəcəklər. Mahmudovun nazirliyə yığdığı qeyri-peşəkarlar isə tezliklə işdən kənarlaşdırılacaq”.
Ə.Oruclu MTN-in Akademiyasının da tezliklə islahatlara məruz qalacağını proqnozlaşdırır: “Akademiyada da təcili və ciddi islahatlar aparmaq lazımdır. Akademiya peşəkar kəşfiyyatçılar hazırlamağa başlamalıdır”.
İnterpress.az