Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
O bildirib ki, digər quyularda da yanğının söndürülməsi üçün işlər davam etdirilir: “Yanğının söndürülməsi, yəqin ki, yaxın vaxtlarda başa çatacaq. İtkin düşən neftçilərin axtarışları hər gün davam edir. Havanın pis olduğu günlərdə də işlər davam etdirilir. Axtarışlar üçün başqa vasitələrdən də istifadə edəcəyik. Estakadaların dibinə baxış keçiriləcək. Əsas estakadanın dibində işləmək mümkün deyil. Onun dibində soyutma işləri aparılır. İtkin düşən neftçilərin ailələrinə səbrli olmağı tövsiyə edirik. Bu iş Prezident İlham Əliyevin nəzarətindədir. Görülən işlər haqqında ona məruzə olunur. Bu texnogen qəza bizə göstərdi ki, daha diqqətli olmalıyıq. Xəzər dənizində qəzalar olub, Fövqəladə Hallar Nazirliyi bu qəzaların öhdəsindən gəlib. Bizim bununla bağlı bütün texnikamız var. Bu qəzada isə hava şəraiti əlverişsiz olduğundan bir qədər çətinlik oldu. Bütövlükdə, bizim hər bir texniki avadanlığımız var. Kənar nəsə gətirməyə ehtiyac yoxdur. Qəza baş verən gün bizə bir çox ölkələr, o cümlədən Rusiya öz köməyini təklif etdi. Onların təklif etdiyi texnikalar bizim özümüzdə də var”. (report)
İnterpress.az