Bu barədə mətbuata Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, Gizli Yol Patrul xidmətinin fəaliyyətə başladığı ərzilərdə yol-nəqliyyat hadisələri azalmaqdadır.
Gizli Yol Patrul xidmətinin effektivliyindən danışan K.Əliyev qeyd edib ki, Avropanın bir çox ölkəsində bu tətbiq olunur: “Bakıda bu il noyabr ayınınn 15-dən Gizli Yol Patrul xidmətinin tətbiqi yollarda qəzaların sayını xeyli azaldıb. İnkişaf etmiş ölkələrin əksəriyyətində belə gizli xidmətlər var. Bu xidmətin fəaliyyəti üçün xüsusi, müasir texniki avadanlıqlara çox ehtiyac yoxdur. Bunun üçün avtomobildə bir kameranın olması kifayət edir”.
K.Əliyev qeyd edib ki, Gizli Yol Patrul xidmətini sürücülər hiss edə bilməz: “Çünki sözügedən xidmətin əməkdaşları dövlət yol polisinin istifadə etdiyi “BMW” markalı avtomobillərlə hərəkət etmirlər. Müxtəlif markalı avtomobillər var, hətta onların arasında mikroavtobus da var. Onlar heç bir avtomobili saxlamırlar. Yəni onların hansısa nəqliyyat vasitəsini saxlamaq səlahiyyəti yoxdur. Çünki onlar mülki avtomobillərdir”.
Yol polislərinin avtomobil yolunun kənarında gizli radar quraşdırması hər zaman vətəndaşların narazılığına səbəb olur. Hələ də ölkə ərazisindəki yolların bəzi hissələrində sürət ölçən cihazı gizlədən polislər mövcuddur.
İnterpress.az-a açıqlama verən sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev bunun qanunazidd olduğunu iddia etdi:
“Mülki geyimdə yalnız əməliyyatçı polislər ola bilər. Digər tərəfdən bu geyimdə yalnız məxfi əməliyyat xidmətinin əməkdaşlarının fəaliyyət göstərmək icazəsi var. Yol polisinə mülki paltar geyindirəndən sonra onun təhlükəsizlik kamerası olmayan ərazilərdə xidməti işini həyata keçirməsinin nə mənası var?”.
Ekspert hesab edir ki, yol polisinin gizli fəaliyyətə keçməsi onların nüfuzdan düşməsi anlamına gələ bilər: “Belə çıxır ki, polislər vətəndaşların onların xidməti libasına, maşınına əhəmiyyət vermiyəcəkləri qədər nüfuzdan düşüblər. Bu səbəbdən də bunlar gizli fəaliyyətə keçmək istəyirlər. Bunun özəl nə mənası var ki? Elə öz xidməti maşınında, ximdəti libasında fəaliyyət göstərsinlər də. Fikrimcə, hələ ki, şayiə kimi yayılan və yol polislərinə şamil edilən bu fəaliyyət həyata keçməyəcək. Çünki yol polislərinin belə bir səlahiyyətləri yoxdur ki, onlar gizli fəaliyyət göstərsinlər. Məncə, bu layihənin həyata keçməsinə DİN tərəfindən icazə verilməz”.
M.Hacıyev həmçinin yol kənarlarında quraşdırılan gizli radarlar haqqında da fikirlərini bölüşüb. Hüquqşünas qeyd edib ki, qanunsuzluğa qarşı qanunsuz mübarizənin özü cinayətdir:
“Avtomobil yollarının kənarlarında gizli radarların quraşdırılması qanun pozuntusudur. Dövləti təmsil edən istənilən hakimiyyət nümayəndəsi qanunsuzluqla şəffaf mübarizə aparmalıdır. Axı qarşıda sürət ölçən cihazın yaxınlaşdığı xəbərini bildirmək üçün xüsusi yol nişanları var. Buna görə, gizlənərək yox, elə açıq-aşkarcasına sürücülər arasında maarifləndirmə işləri aparmaq lazımdır. Gizli radardan, gizli mülki geyimdən istifadə hüquqi-demokratik dövlət üçün zəruri deyil”.
Səid QƏRİB
İnterpress.az