Ölkə banklarının durumu gün-gündən pisləşməkdədir. Ekspertlər bağlanacaq bankların sayının artacağını vurğulayırlar. Bildirilir ki, prosesi uzun müddətə saxlamaq mümkün deyil. Bankların birləşməsi barədə təkliflər səsləndirilsə də, sonda yenə də bağlanma məsələsinin aktual olacağı bildirilir. Artıq banklardan “Gəncəbank” ASC müflis elan edilib və banka ləğvedici təyin olunub. Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, “Gəncəbank”ın ümumilikdə 6 minə qədər əmanətçisi var və onlardan yalnız 500-ə qədəri aktvdir. Fond ümumilikdə 378 əmanətçiyə 1,5 milyon manat ödəyəcəyini də açıqlayıb.
Ekspert Əkrəm Həsənov isə bankların etibarlılıq reytinqini tərtib edib. 2015-ci ilin dördüncü rübü üzrə hesabatların təhlili əsasında təsnifat aparan ekspert qeyd edib ki, IV rübün bitməsindən artıq ay yarım ötsə də, yenə də əksəriyyəti hesabatlarını açıqlamayıb: “Yenə də əksəriyyət hesabatını dərc etməyib”. Ekspertin sözlərinə görə, 2015-ci il boyunca olduğu kimi, IV rüb ərzində də Mərkəzi Bank banklara nəzarət tələblərini yumşaldıb. Əks halda, bankların vəziyyəti daha acınacaqlı olacaqdı. Buna görə də hesabatlar əslində həqiqi vəziyyəti tam əks etdirmir: vəziyyət pisləşdikcə, tələblər yumşalır və hesabatlar həqiqətdə olduğu kimi dəhşətli görünmür. Eyni zamanda, bəzi banklar dekabr devalvasiyası əsnasında da külli miqdarda gəlir əldə edərək vəziyyətlərini yaxşılaşdırıb, yaxud daha da pisləşməyə qoymayıblar: “Bir sözlə, möhtəkirlik ediblər”. Hesabatlarını daim gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozan 13 bank: “Nikoyl Bank”, “ParaBank”, “YapiKrediBank”, “Zaminbank”, “Ziraat Bank”, “AGBank”, “Amrahbank”, “AtaBank”, “Bank Standard”, “Günaybank”, “XalqBank”, “KredoBank”, “Naxçıvanbank” olub. “Bunlar ən etibarsız banklardır. Bu qrupa əslində həmçinin Azərbaycan Beynəlxalq Bankı və AzərTürkbank da aid olmalı idi, çünki hesabatlarını dərc etmirlər. Lakin bu iki bank dövlət bankı olduğu üçün və dövlət vətəndaşların oradakı vəsaitinə təminatçı olduğu üçün onları heç bir qrupa daxil etməmişəm. Buna görə də mövcud 37 bankın yalnız 35-i bu təsnifata daxildir”,- deyə ekspert qeyd edib. Əvvəllər hesabatlarını dərc etsələr də, IV rüb üzrə bunu etməyən 9 bank da var ki, bunlar “Bank of Baku”, “AFB Bank”, “Unibank, “DekaBank”, “Dəmirbank”, “Bank Respublika”, “Bank BTB”, “VTB” və “Pakistan Milli Bankı”nın Bakı filialıdır.
“KapitalBank” və “Rabitəbank” isaə rüblük hesabatını yalnız qismən açıqlayıb: “Bu bankların hesabatlarından, məsələn, onların mənfəətlə və ya zərərlə işləməsi aydın olmur. Vəziyyəti yaxşı olan bank bu məlumatı niyə gizlətsin ki?”. Hesabatlarını isə tam olaraq 11 bank açıqlayıb: “Accessbank”, “Azərbaycan Sənaye Bankı”, “PaşaBank”, “Caspian Development Bank”, “Bank Silk Way”, “Bank Avrasiya”, “NBC Bank”, “Muğanbank”, “Expressbank”, “Turanbank”, “Bank Melli İran”ın Bakı filialı”.
Ekspert Samir Əliyev isə musavat.com-a açıqlamasında bildirib ki, bankların bağlanması prosesi davam edəcək: ““Bank of Azerbaijan” bağlananda bilinirdi ki, bu, sonuncu deyil və bankların bağlanması davam edəcək. Xüsusən də əmanətlərin tam sığortalanması haqqında Qanun layihəsinin ortaya çıxması göstərirdi ki, həmin qanunun qəbuluna qədər Mərkəzi bank bəzi banklardan can qurtaracaq. Çünki proses şərti olaraq iki hissədən ibarət idi. Birinci hissədə narahatçılıq yaradan banklar təcili yola salınır. İkinci mərhələ isə birləşmə siyasəti üzərində qurulmalı idi. Əslində proseslər bu istiqamətdə də gedirdi. Birinci mərhələ adıçəkilən qanunun qəbuluna kimi davam etməli idi. Ancaq proses nədənsə dayandırıldı. Hətta bağlanan bankların birləşməsi məsələsi ortaya çıxdı. Bağlanmağa real namizəd olanlara vaxt verildi. Yaxın həftələrdə bankların bağlanması səlahiyyəti Mərkəzi Bankdan alınıb qeni yaradılmış quruma- Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcək. Mərkəzi Bankın bağlamaq missiyası da bununla bitəcək”.
Ekspertin sözlərinə görə, bankların bağlanması məsələsi aradan qalxmayıb: “Bu proses gündəmdə qalacaq. Xüsusilə yeni Palatanın fəaliyyət başlamasından sonra proses daha da sürətlənə bilər. İkincisi, bankların birləşməsi təşəbbüsləri hələki ciddi addımdan çox vaxt udmağa hesablanmış addıma oxşayır. Ona görə də birləşmə ilə bağlı bağlanmış niyyət protokollarının tez-tez pozulması və ya birləşəcək bankların adlarının dəyişməsinə tez-tez rast gəlməli olacağıq. Bankların birləşməsi heç də problemin tam aradan qalxması demək deyil. Bunun üçün Mərkəzi Bank həmin banklara dəstək verməlidir. Həmin bankları problemləri həll olunmamış qalacaq. Yəni birləşmiş bankın nə dərəcədə effektiv işləyə bilməsi və hətta bazarda qala bilməsi sual altındadır. Ona görə də bank sektoru hələ uzun sınaqlardan keçməli olacaq. Çünki böhranı hamıdan əvvəl hiss edən bank sektorunu onu ən gec yola salan institut olacaq”.(musavat)
İnterpress.az