Sia bildirir ki, bu fikirləri rusdilli saytların birinə Qarabağda erməni təxribatı nəticəsində baş verən dördgünlük müharibə zamanı hadisələri işıqlandıran rusiyalı jurnalist, \”gazeta.ru\” saytının reportyoru Vladimir Derqaçyov sözügedən məsələyə münasibət bildirərkən deyib.
Media nümayəndəsinin bildirdiyinə görə, Tərtər rayonunun Qapanlı kəndinin sakinləri ona deyiblər ki, onlar öz doğma dədə-baba yurdlarını tərk etmək niyyətində deyillər, hətta bu barədə təsəvvürlərinə gətirə bilmirlər: \”Bütün müharibələrdə olduğu kimi, xüsusilə cəbhəyanı bölgələrdə güllə yaraları almış balaca uşaqların, körpələrin, onları əl arabalarında gəzdirən anaların vəziyyətlərini görmək insanı dəhşətə gətirir. Onlar hər an ölümlə üz-üzə qalırlar\”.
\”Gazeta.ru\” saytının reportyoru cəbhə bölgəsində ona yardım edən azərbaycanlı həmkarlarına, o cümlədən müşahidə edənlərə təşəkkürünü bildirib və deyib ki, o, cəbhə bölgəsinə qorxmadan səfər edib: \”Orada özümü çox inamlı hiss edirdim. Xüsusilə, biz olduğumuz rayonda ciddi savaş fazası yaşandı ki, onu salamat şəkildə başa vurduq. Hərbçilər isə bizim cəbhə bölgəsindəki fəaliyyətimizə müəyyən mənada yardım etmək istəmirdilər. Bundan yayınmağa çalışırdılar. Onlar bunu bizim təhlükəsizliyimizlə əlaqələndirirdilər. Ancaq biz öz işimizi apara bildik\”.
Derqaçyov bəzi KİV-lərin hadisələrə qeyri-obyektiv, eləcə də neqativ don geyindirmələrinə də münasibət bildirib və qeyd edib ki, ümumiyyətlə bəzi media qurumları istisna olmaqla, Rusiya mətbuatı bu mövqeyi nümayiş etdirməyib. Çünki Rusiya ilə Azərbaycan arasında əlaqələr möhkəmdir: \”Son hesablamalara görə, Rusiyada 600 min azərbaycanlı yaşayır və sizin ölkə keçmiş ittifaq respublikası kimi qəbul olunur ki, ölkənizin Moskva ilə dostluq münasibətləri qorunub-saxlanılmaqdadır. Çox ümid edirəm ki, qorunub-saxlanılmış möhkəm əlaqələr Qarabağ münaqişəsinin həllində Rusiyaya kömək olacaq\”.
Xatırladaq ki, \”gazeta.ru\” əməkdaşı Vladimir Derqaçyovun cəbhə xəttindən hazırladığı \”Döyüşdü və kişi kimi həlak oldu\” adlı reportajı erməni oxucu auditoriyasını ciddi şəkildə narahat etmişdi. Həmin reportaj bu gün də \”gazeta.ru\” saytının top 5 ən çox oxunan yazılarında mövqeyini qoruyub-saxlamaqdadır.
interpress.az