Rusiya Hərbi Hava Qüvvələri ilə Suriya hərbiçiləri Hələbin azad edilməsi üçün birgə əməliyyatlara hazırlaşır. Bunu rusiyalı parlamentarilərlə görüşdə Suriyanın baş naziri Vail əl-Halki bəyan edib. O, Suriya ordusunun Rusiya HHQ-nin dəstəyi ilə apardığı əməliyyatlar nəticəsində sahədə vəziyyətin Suriya ordusunun lehinə dəyişdiyini vurğulayıb.
Rusiya-Suriya yaxınlaşması bu ilin fevralında əldə olunan atəşkəs qərarına ciddi kölgə salıb. Ekspertlər hesab edirlər ki, Hələb uğrunda başlanan növbəti mübarizə dünya düzənini yenidən pozacaq, son aylarda davam edən nisbi sakitliyə “Stop” deyiləcək. Proseslərin ona doğru getdiyi açıq şəkildə görünür. Türkiyənin də bu proseslərə qoşulacağı istisna edilmir. Çünki qardaş ölkənin qonşuluğunda yerləşən şəhərdə hərbi əməliyyatların aparılması ilə razılaşacağı inandırıcı görünmür – Hələb isə Ankara üçün Suriyada strateji əhəmiyyətli üç məntəqədən biridir.
Politoloq Qabil Hüseynli Rusiyanın apardığı siyasətdən əl çəkmədiyini söylədi: “İlk razılıq ABŞ və Rusiya arasında olmuşdu. Atəşkəsin əldə olunması da hər iki dövlət tərəfindən razılaşdırılmışdı. İndi Rusiya birtərəfli qaydada atəşkəsi pozur. Hələb Suriya Azadlıq Ordusunun qərargahı yerləşən bölgədir. Eyni zamanda Türkiyənin maraqlarına toxunan və Türkiyədən humanitar yardım daşınan yolun üzərində yerləşir. Hələb həm türkmənlərin, həm də Kərkük türklərinin daha çox yaşadığı şəhərdir. Bizim böyük Nəsiminin məzarı da orada yerləşir. Zənnimcə, Hələbə hücum Rusiya-Türkiyə münasibətlərinin yenidən gərginləşməsinə səbəb ola bilər. Çünki Hələb və digər ərazilər Türkiyənin strateji maraqlarının olduğu ərazilərdir. Rusiya uzaq yerdən gəlib bu bölgədə aranı qarışdırmaqla məşğuldur. Necə ki, Dağlıq Qarabağda aranı qarışdırdı, indi də Suriyada. Burada təkcə atəşkəs pozulmur.
Eyni zamanda Türkiyə ilə Eyni zamanda Türkiyə ilə münasibətlərdə gərginliyin yeni səhifəsi açılır. Rusiyanın bu addımı bölgədə münasibətləri daha da gərginləşdirəcək və atəşkəs rejimini alt-üst edəcək, irimiqyaslı hərbi əməliyyatların başlanmasına rəvac verəcək. Türkiyənin burnunun ucunda belə əməliyyatlar başlayacaqsa, qardaş ölkə müxtəlif diplomatik addımlara və hərbi-siyasi gedişlərə gedə bilər. BMT-yə müraciət qaçılmazdır. Çox mürəkkəb situasiya yaranıb. Açığı, Türkiyə Rusiya ilə qarşı-qarşıya gəlmək istəmir. Rusiya sanki qəsdən Türkiyəni Suriya probleminə cəlb etmək, onunla döyüşmək istəyir. İndiki şəraitdə Rusiya kürd qruplaşmalarını qızışdıraraq, Türkiyənin üzərinə göndərir. Bu baxımdan Türkiyənin indiki mərhələdə diplomatik gedişlərə üstünlük verəcəyi qənaətindəyəm. Eyni zamanda Türkiyə Suriya Azadlıq Ordusu və digər bu kimi qüvvələrin silah-sursatla təchizatını artıracaq. Bura elə bir bölgədir ki, hər addımda Türkiyənin maraqları var. Belə bir şəraitdə qardaş ölkə proseslərə biganə qala bilməz”.
Politoloq Rusiyanın yenidən Suriya məsələsinə qayıtmasına, atəşkəsi pozmasına da münasibət bildirdi: “Moskva qaşınmayan yerdən qan çıxarmaq istəyir. Rusiya müharibə ilə yaşayır. Yenə ön sırada Putinin reytinq məsələsi dayanır. Burada Əsəd rejiminin saxlanılması ideyası da var. Həmçinin Qərb dövlətlərinə əzələ nümayişi proseslərin kökündə dayanır. Bir sözlə, Rusiya normal hərəkət etmir ki, onu məntiqlə çözəsən. Anormal hərəkət edirlər və bu, dünyaya meydan oxumaqdan başqa bir anlama gəlmir. ABŞ və Qərb dövlətlərinin bu proseslərdə seyrçi qalacaqlarına inanmıram. Çünki İŞİD problemi ortada qalıb və terrorçu qruplaşma yeni-yeni ərazilər ələ keçirir. Rusiya prosesləri bu gedişata çevirməklə, Türkiyə və Avropa dövlətlərinə yeni-yeni miqrant axını təşkil etmək istəyir. Bu da Qərb dünyasını ciddi şəkildə narahat edir. Rusiyanın bu hərəkətləri cavabsız qalmayacaq. Müxtəlif yollarla Rusiya yenidən danışıqlar stoluna gətirilə bilər”.
Q.Hüseynli Rusiyanın gedən proseslərdə heç nə qazana bilməyəcəyini də qeyd etdi: “Rusiyada ölkə dağılıb. Səudiyyə Ərəbistanının iştirakı ilə 30 müsəlman dövlətindən Rusiya əleyhinə təşkil olunmuş 20 minlik qoşun Ərəbistanda hazır vəziyyətdədir. Suriyaya girməyə hazırlaşır.
Hesab edirəm ki, Rusiya və Suriyanın son mövqeləri Qərb, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən qarşıdurmaların daha da artmasına səbəb olacaq. Ola bilsin ki, Rusiya əleyhinə olan Müsəlman İttifaqı və ABŞ nəzarətində olan koalisiya Suriyada hərbi əməliyyatlara başlasın. Bu, həm Rusiyanın burnunun ovulması, həm də Əsəd rejiminin devrilməsi ilə başa çata bilər”.(müsavat.com)
İnterpress.az