\”RİA Novosti\” agentliyi öz mənbələrinə istinadla xəbər verir. Azərbaycan Rusiya tərəfindən irəli sürülən bu təşəbbüsə qoşulacaq.
Mənbə bildirib ki, Azərbaycan OPEC-in 17 apreldə Qətərin paytaxtı Dohada keçiriləcək iclasında iştirak edəcək. \”Azərbaycan iclasda OPEC ölkələrinin təşəbbüsünə dəstək verməyi planlaşdırır\”. İclasda Azərbaycanla yanaşı Qazaxıstan da iştirak edəcək.
Bundan əvvəl SOCAR prezidenti Rövnəq Abdullayev də \”Hesabat\”a açıqlamasında Azərbaycanın bu təklifə qoşulacağını açıqlamışdı. \”Açıq söyləyim ki, biz artıq bu mövqeyə qoşuluruq. 2016-cı ildə biz neft hasilatını dondurmaq, yəni eyni seviyyədə saxlamaq fikrindəyik və artım layihələrini artıq saxlamışıq. Azərbaycanda neft hasilatı keçən ilki səviyyədən yuxarı olmayacaq\”, – deyə Rövnəq Abdullayev bildirib.
Bir müddət əvvəl Rusiya OPEC-ə daxil olan və olmayan dövlətlərə müraciət edərək hasilatı dondurmağı təklif edib.
Ötən ay Dohada keçirilən görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatını yanvar ayının minimumu səviyyəsində saxlamağa razı olub. Amma digər ölkələr bunu dəstəkləməyib. Azərbaycan da həmin vaxt hasilatı dondurmaq təşəbbüsünü dəstəkləməmişdi.
Azərbaycan bu təklifə müsbət cavab versə də İran çağırışı mənfi qarşılayıb. İranın OPEC-dəki nümayəndəsi Mehdi Əsali mətbuata açıqlamasında bildirib ki, ölkəsi neft hasilatı həcmini dondurmağı planlaşdırmır. Çünki İran uzun illər anbarlarda yığıb saxladığı nefti tez bir zamanda satmaq istəyir. İran dünya bazarında nefti digər region qonşuları ilə müqayisədə 2,43 dollar ucuz satmaq qərarına gəlmişdi.
Səudiyyə Ərəbistanı isə əvvəlki kimi İranın neft bazarlarına ekspansiyasını narazılıqla izləyir. İrandan neft ixracatını azaltmaq üçün Səudiyyə Ərəbistanı aprelin əvvəlindən öz limanlarına bu ölkənin tankerlərinin girişinə məhdudiyyət qoyub.
İranın bu addımları nə Rusiya, nə də ki, digər neft çıxaran ölkələrin maraqlarına uyğun gəlir.(Musavat)
İnterpress.az