Məsələnin maddi tərəfi bu işbazları maraqlandırsa da, satışa çıxardıqları məhsulun insan orqanizmi üçün hansı fəsadlar törədəcəyi qətiyyən maraqlandırmır.
Aydın məsələdir ki, əhali də həmişə maddi imkanlarına uyğun olaraq ucuz malın arxasınca qaçmalı olur. Son vaxtlar xaricdə istehsal olunan və ucuz qiymətə satışa çıxarılan bitki yağları ölkə bazarını zəbt edib. Əhali aldıqları yağın keyfiyyətindən xəbərdar olmadıqlarına görə, almalı olurlar. Bilmirlər ki, bu gün pul verib aldıqları və istifadə etdikləri bitki yağı sağlamlıqlarına nə dərəcədə təsir edir.
Aparılan araşdırmalar zamanı isə məlum olub ki, bəzi bitki yağlarının qablarının üzərində qeyd olunan göstərici və standartla heç də qabın içindəki məhsulun keyfiyyəti eyni deyil.
Məsələn, mağazalarımızda satılan \”Dubrava” markalı qarğıdalı yağı belələrindən hesab olunur. Etiketində Rusiyanın Krasnodar diyarında istehsal olunduğu barədə məlumat verilən bu yağın QOST 8808-2000 standartlarına uyğun gəldiyi bildirilir. Amma bu məhsul laboratoriyaya analiz olunmaq üçün verilərsə, heç də standartlara uyğun gəlmədiyi aşkar oluna bilər. Standartlara uyğun omayan məhsulun satışa çıxarılması isə birbaşa mövcud qanunvericiliyin pozulması deməkdir.
Diqqət çəkən məqamlardan biri də satışda olan və zeytun yağı kimi tanınan \”Vero Greco” markalı yağlarıdır.
Bir sözlə, bu yağ bu gün zeytun yağı kimi istehlakçılara sırınmaqdadır. Amma yağdan istifadə edənlər onun dadından və qoxusundan da bunu açıq şəkildə hiss edə bilərlər ki, əsl zeytun yağı deyil. Məhsulun tərkibinin böyük hissəsi qarğıdalı yağından ibarətdir.
Amma unutmaq olmaz ki, bu cür məhsulların ölkəyə gətirilərək satışının həyata keçirilməsi istehlakçıların aldadılması ilə bərabər, onların sağlamlığı üçün də çox təhlükəlidir.
Doğrudur, həmin məhsulların ölkəyə hansı şirkətin gətirməsi ilə bağlı əlimizdə məlumat olmasa da, bu məsələ həm aidiyyəti qurumları və istehlakçıları düşündürməlidir.
Biz də növbəmizdə məsələni gündəmdə saxlayıb, bu cür məhsulları istehlakçıları aldadaraq ölkəyə gətirən şirkətlər (Artıq bu şirkət haqda bəzi məlumatlar əldə etsək də, müəyyən dəqiqləşdirmələə ehtiyac yaranıb- Mia.az) barəsində araşdırma aparıb, oxuculara ətraflı məlumat verəcəyik.(mia.az)
Azərbaycan bazarında satılan tərkibi şübhəli olan yağlardan bəzilərinin fotolarını da təqdim edirik: