Emin Millidən ilginc etiraflarbackend

Emin Millidən ilginc etiraflar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış jurnalist Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinin növbəti qonağı hazırda Almaniyada fəaliyyət göstərən Meydan TV-nin rəhbəri Emin Abdullayev (Milli) olub. Onunla Helsinki səfəri zamanı görüşüb müsahibə alan Ə.Zeynallı maraqlı məqamların üzə çıxmasına səbəb olub. Musavat.com həmin müsahibədən bəzi maraqlı məqamları nəzərə çatdırır.

E.Milli müsahibə zamanı 2014-cü ilin dekabrında Meydan TV-nin ofisini bağladıqlarını deyib. Onun sözlərinə görə, həmin vaxt polislərin hər an girib Meydan TV-nin bütün avadanlıqlarını müsadirə edə biləcəklərini anlayıblar: “Ona görə də biz özümüz əvvəlcədən hər şeyi xaricə çıxardıq və ofisi bağladıq. Mən hesab edirəm ki, o vaxt biz çox düzgün hərəkət elədik. Professional jurnalistlərimizin də hamısı xaricdədir. Ölkənin daxilində qalanlar isə sadə vətəndaşlardır, hansılar ki, bizə materiallar veriblər. Bizim heç bir rəsmi işçimiz Azərbaycanda qalmayıb. Biz xarici təşkilatıq. Ona görə də Meydan TV-yə qarşı cinayət işinin açılmasının özü bir qədər absurd bir məsələdir. Çünki Meydan TV Azərbaycanda olan hansısa hüquqi şəxs deyil. Əgər Azərbaycan hökuməti və yaxud da Azərbaycan Respublikasının Baş Prokurorluğu hesab edirsə ki, Meydan TV-yə qarşı cinayət işi açılmalıdır, o zaman buyursunlar, Almaniyaya gəlsinlər, orada da məhkəmə var, bizi versinlər məhkəməyə və sənədlər əsasında Almaniya məhkəməsində sübut eləsinlər ki, Meydan TV hansısa qanunları pozub, hansısa qanunların qarşısında cavab verməlidir. Biz buna hazırıq”.

E.Milli eyni zamanda bildirib ki, əgər jurnalistləri Azərbaycanda öldürürlərsə, o biri jurnalistlər də həqiqəti yazmaqdan qorxurlarsa, deməli, başqa vətəndaşlar, o öldürülən, o həbs olunan jurnalistlərin yerini tutmalıdırlar: “Ona görə, istər Xədicə, istər mən, istər bizim bu sferada çalışan saysız-hesabsız gənc jurnalistlər həm də ona görə bura gəlirlər ki, heç nəyə baxmayaraq, Azərbaycan cəmiyyətini azad söz uğrunda əbədi olaraq mübarizə aparan insanların olacağını sübut eləsinlər… Ona görə kiminsə həbsi, kiməsə hədə-qorxu bizə qarşı prosesi dayandıra bilməz. Nəinki dayandıra bilməz… Meydan TV-yə qarşı bu, heç də ilk hücum deyil. Yəni cinayət işinin açılması bizim işimizdə yaradılan ilk problem deyil. Bilirsiniz ki, Azərbaycan hökuməti bir müddət əvvəl məni ölümlə hədələmişdi. Bilirsiniz ki, 20-dən çox qohumumuzu məcbur elədilər ki, bəyanat imzalasınlar və məndən imtina edib, prezidenti dəstəkləsinlər. Çünki artıq bizim bəzi qohumlarımızı həbs etmişdilər və qorxudurdular ki, onları da həbs edəcəklər. Bütün bunlara baxmayaraq, hər dəfə bizə belə bir hücumlar olanda mən həmişə deyirdim ki, mən Azərbaycan hökumətindən rəsmi qaydada, səmimi olaraq xahiş edirəm ki, bu metodlara əl atmasınlar. Çünki hər dəfə belə metodlara əl atanda bizim işimiz və auditoriyamız daha da böyüyür, daha da genişlənir. Bizə verilən dəstək – həm Azərbaycandan və həm də ondan kənarda daha da artır”.

Sonuncu fikirlərini arqumentləşdirən E. Milli eyni zamanda deyib ki, hər yerdə, regionlarda da Meydan TV-ni tanıyırlar, izləyirlər, baxırlar, oxuyurlar, yayırlar: “Ona görə də mən hesab edirəm ki, bununla Azərbaycan hökumətinin repressiyalarının bu şəkildə bizə qarşı aparılmasında onlar da öz töhfələrini verirlər və bizim güclü olmağımızda, daha da geniş kütlələrə öz informasiyalarımızı ötürə bilməmizdə Azərbaycan hökuməti hər bir repressiya ilə, bizə yönələn hər bir təzyiqlə bizə yalnız kömək eləmiş olur”.

Meydan TV-nin rəhbəri gələcək planlarla bağlı suala cavabında isə deyib ki, hər hansı planları yoxdur, sadəcə bir məqsədləri var: “Məqsədimiz odur ki, Meydan TV-də olan materialların keyfiyyətini daha da yaxşılaşdıraq. Yəni bir çox şeyləri əvvəlcədən demək çox çətindir. Xədicə İsmayıl kimi jurnalist həbsdədir, gənc jurnalistlər də savadlı və təcrübəli jurnalistlərin aqibətlərini görürlər və görürlər ki, Azərbaycanda müstəqil jurnalistlər həbs olunurlar, onlara qarşı təzyiq göstərilir, hədə-qorxu gəlinir, işlərindən azad edirlər, onların pul qazanmaq imkanları olmur, xaricə çıxmaq belə imkanları olmur, ona görə çox çətin bir şəraitdə çalışırlar. Biz istədiyimiz formanı yaratmağa çalışırıq. Çalışırıq ki, beynəlxalq birliklər yaradaq. Xarici jurnalistlərlə Azərbaycan jurnalistlərini bir araya gətirərək elə materiallar yaradaq ki, bu, həm Azərbaycan mediası üçün, həm xarici media üçün maraqlı olsun. Biz bu gün rus versiyamızı gücləndiririk. Çalışırıq ki, bir qədər də ingilis versiyamızı gücləndirək. Azərbaycan versiyası isə bizim üçün çox vacibdir. Bir daha deyirəm ki, bizə işləyən sadə vətəndaşlara – onlar bir çox hallarda mediadan çox uzaq insanlar olurlar – öyrətməyə çalışırıq ki, Meydan TV-də yayımlanan məlumatlar yalnız yoxlanılmış məlumatlardır, bir neçə mənbədən təsdiq olunmuş məlumatlardır. Bu, daha ağırdır. Biz buna görə daha az material veririk. Amma izləyicilərin bizə olan etibarı bizim üçün çox vacibdir. Ona görə çalışırıq ki, bizim materiallarımız daha etibarlı, daha yoxlanışlı, daha keyfiyyətli olsun. Əsas məqsədimiz budur”. (musavat)

İnterpress.az