Azyaşlı uşaqlar və siqaret – problem qanundadır, yoxsa…backend

Azyaşlı uşaqlar və siqaret – problem qanundadır, yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müzəffər Baxış: “Bu tərbiyə ailədən başlamalıdır”
Bu gün bütün ölkələr siqaretə qarşı mübarizə aparır, bundan ötrü müxtəlif üsullara əl atırlar. Bir il öncə ÜST insanların bu zərərli vərdişi tərgitməsi üçün siqaret qutularının üzərində müxtəlif şəkillərin yer almasını təklif etmişdi. Avropa İttifaqı tütün və tütün məmulatları ilə mübarizə tədbirləri çərçivəsində siqaret qutularının üzərində əks olunacaq yeni şəkilləri qan qusan qadın, müxtəlif bədən üzvlərini itirən insan, siqaret tüstüsündən əziyyət çəkən körpə və uşaq şəkillərindən istifadə etsə də, ÜST-in bu təklifini yalnız 12 ölkə qəbul etdi.

Bundan sonra da müxtəlif üsullara əl atıldı. Ancaq bu üsullar hər il dünyada minlərlə insanın ölümünün qarşısını ala bilmir. Azərbaycan da siqaret çox çəkilən ölkələr sırasındadır. Ən pisi isə işbazların pul qazanmaq xatirinə hətta azyaşlı uşaqlara belə çəkinmədən siqaret satmasıdır. Azərbaycan Respublikası “Tütün və tütün məmulatları haqqında” Qanunun tələbinə görə, siqaretin 18 yaşına çatmayanlara, özü də ədədlə satılması qadağandır. 15.5-ci maddənin tələbinə görə, tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin, uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışı qadağandır. Ancaq bu qanuna nə baxan var, nə də əməl edən.

Deputat Zahid Oruc bununla bağlı qanunvericilik istiqamətində işləməyin, cəzaları ağırlaşdırmağın kifayət etməyəcəyini dedi: “Siqaretin reklamından tutmuş, onun istifadəsi və satışı zamanı müxtəlif tələblərə dair normativ hüquqi çərçivələr mövcuddur. Yetər ki, ona əməl olunsun. İş ondadır ki, bu gün həm yaşlı nəsli, həm də azyaşlıları tütünün tüstüsündə boğuruq. Bu da sağlam nəsil ideologiyamıza çox böyük zərbə vurur. Təəssüflər olsun ki, mağazalarımız həmin o az yaşlıları özlərinin yaxşıca abonentləri hesab edirlər. Bu hamımızın gözü qarşısında baş verir. Heç kim də buna etiraz etmək istəmir. Bir qonşu başqa bir tanışının övladını küçədə siqaret çəkərkən görürsə, bununla bağlı məlumat verib xoş məram nümayiş etdirmək niyyətinə düşmür. O cümlədən həmin mağazalar qeyd etdiyimiz inzibati sanksiyaların altında qalmır, hansısa ödəmələrə məruz qoyulmur. Belə olan təqdirdə biz həqiqətən də o sağlamlığı korlanmış və gələcəkdə ciyərlərində, digər orqanlarında fəsadlar yaranan insanlar qazanmış oluruq. Düşünürəm ki, təkcə qanunvericilik istiqamətində işləmək, cəzaları ağırlaşdırmaq kifayət etməyəcək”.

Deputat bu istiqamətdə cəmiyyətin baxışını dəyişməyin vacib olduğunu dedi: “Bir neçə gün öncə Şəfa stadionunda azyaşlılar arasında keçirilən futbol turnirinin mükafatlandırma mərasiminə qatılmışdıq. İş elə gətirdi ki, tədbirdən öncə bizim müşahidə aparmaq imkanımız oldu. Futbolçu geyimində olan 13-14 yaşındakı uşaqlara yaxınlaşıb diqqətlə baxanda gördük ki, 10 nəfərə yaxın uşaq siqaret çəkir. Tutumlarından da görünürdü ki, təcrübəlidirlər, bu, bir neçə il əvvələ və ya aya dayanan bir vərdişdir. Bu adamlar bədənləri ilə bərabər, ayaqlarını da kor edirlər. Tütün gələcəkdə onların futbolçu kimi formalaşmasına imkan verməyəcək. Bu uşaqlar bir tərəfdən sosial büdcələrinə zərər verir, digər tərəfdən isə özlərini zəhərləyirlər və bu atmosfer cəmiyyətə daxil olur. Ona görə də hesab edirəm ki, mediamız, televiziyalarımız, ailə-tərbiyə institutumuz, məktəblərimiz elə bir səviyyədə işləməlidir ki, bilinsin ki, doğrudan da az yaşlı uşaqlara siqaret satmaq olmaz. Fərqi yoxdur, insanı maşın qəzası ilə vurasan, ya da tütünlə. Biri tədricən öldürür, o biri isə dərhal. Biz birini gözlə rahat görürük, o birini isə sanki gizlində və daxildə baş verir. Biz tütün fabrikinin fəaliyyətini dayandırmağı da tələb etmirik. Dünyada buna tələbat həmişə olub, olacaq da. Amma qoy onlar öz bazarlarını xaricdə tapsınlar. Azərbaycanlı balalar zəhərlənməsin. Açığı desəm, bu, milli təhlükəsizlik məsələsidir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu istiqamətdə çalışdıqlarını dedi: “Biz 7 filtrsiz siqaret istehsal edən tütün fabrikini bağlatdırmağa nail olmuşuq. Siqaret əleyhinə kampaniyalarda iştirak etmişəm. Kanadanın Ottava şəhərində Azərbaycandakı tütündən istifadənin vəziyyətinə dair hesabatlar vermişik. Tütün və tütün məmulatlarının üzərində buraxılma tarixi və son yararlılıq müddəti yoxdur. Lakin o vaxt bu standartın nümayəndəsi imkan vermədi ki, biz onu edək. Yəni bu sahədə biz müəyyən işlər aparırıq. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının tütün əleyhinə çərçivə komissiyasına qoşulub və bir sıra öhdəlikləri üzərinə götürüb. Bütün ölkələrdə siqaretin reklamı, satışı qadağan olunduğu halda, Azərbaycan marketlərinə girəndə birinci siqaretlər bizi qarşılayır. Yəni siqaretlərin açıq reklamı gedir. Məlum olub ki, siqaretləri kart aparatlarının yanına yerləşdirmək üçün minimum 5 dollar pul verirlər. Yəni əcaib bir durumdur”.

Azyaşlı uşaqlara siqaret satmağın cəzasına gəlincə isə hüquqşünas Müzəffər Baxış bunun üçün İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulduğunu dedi: “Bizdə nəinki 18 yaşına çatmamış şəxslərə siqaret satmaq qadağandır, hətta təhsil müəssisələrindən 200 metr kənarda satılmalıdır. \”Reklam haqqında\” Qanuna görə, siqaret reklamları təhsil müəssisələrindən 200 metr kənarda yerləşməlidir. Yəni yetkinlik yaşına çatmamışlara həm siqaretin satılması ilə bağlı, həm siqaretin reklam edilməsi ilə bağlı çox ciddi qadağalar var. Azərbaycanda buna əməl etmirlər. Bəzən atalar öz uşaqlarını göndərirlər ki, get, mağazadan siqaret al. Onu tanıdıqları üçün satırlar və gətirir atası üçün. Əslində bu cür hərəkətlərlə uşaqda siqaretə qarşı fikirlər yaradırıq. Azərbaycanda bu məsələyə münasibət dəyişilməlidir ki, siqaret çəkmək təhlükəli bir vərdiş olduğundan, insanların səhhətinə mənfi təsir göstərdiyindən, bu tərbiyə ailədən başlanmalıdır. Mağazalar kommersiya şəbəkəsidir. Gəlirini gözlədiyi üçün siqareti uşaqlara da satırlar. Bu hərəkəti ilə də hər dəfə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibat xəta törədir. Əgər satıcının bu əməli haqda məlumat verilsə, o, məsuliyyətə cəlb edilməlidir. Amma inanmıram ki, siqaret satma qaydalarını pozmağa görə kimsə məsuliyyətə cəlb edilsin. Sadəcə olaraq, bu sahədə nəzarət çox zəifdir. Ona görə də kommersiya şəbəkələrində çalışan satıcılar bundan sui-istifadə edirlər”.

İnterpress.az