Bu sözləri sabiq deputat, jurnalist Etibar Hüseynov deyib.
O, bildirib ki, \”Sovetski\” xatirə-muzeyində məhəllənin tarixi, burada yaşayıb-yaratmış şəxsiyyətlər və çəkilən filmlər haqda məlumatlar və s. qorunub saxlanıla bilərdi: “Onun yerində nə qədər müasir park salınsa belə, 3-5 ildən sonra digərləri kimi adiləşəcək. Orada 30-dan artıq tarixi tikili – bina, hamam, məscid və s. onsuz da saxlanacaqdı. Bu, əvvəlcədən siyahıya alınıb razılaşdırılmışdı. Amma saxlanılsa belə, o tarixi tikililər müasir parkın nəzdində bir yamaq kimi görünəcəkdi. Ona görə də təklif edirəm ki, o tikililəri birləşdirəcək bir küçə saxlanılsın. Yəni zərurət olarsa, oxşar evlər tikilsin və ya sürüşdürülsün. Hətta o küçəylə bir klassik tramvay xətti də çəkilə bilər”.
E.Hüseynov deputat olduğu vaxt bu məsələni Milli Məclisdə qaldırmaq istədiyini deyib: “Amma qulaqardına vurulacağına əmin idim. Ona görə də MM-in ən “ağırtaxtalı”, sözükeçən üzvlərinə üz tutub nə qədər yalvar-yapış elədimsə, yenə də bir faydası olmadı. Hamısı ideyanın çox möhtəşəm olduğunu söyləsə də, hərəsi bir bəhanə gətirib mətləbdən yayındı. Əminəm ki, nə vaxtsa “Sovetski”nin xiffətini və peşmançılığını çəkəcəyik”. (AzNews.az)
İnterpress.az