Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçisi İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun dünən Milli Məclisdə mətbuat üçün qapalı keçirilən dinləməsinin bəzi detallarını açıqlayıb.
Mirvari Qəhrəmanlı bildirib ki, dünənki dinləmədə QHT-lərin xaricdən qrant almaq məsələsinə xüsusi toxunulub:
“Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin borcdan yayınması, ölkəyə xaricdən qeyri-qanuni işçi qüvvəsinin gətirilməsi, qanunsuz miqrantlarla bağlı məsələlər də müzakirə olundu. Əmək qanunvericiliyi ilə bağlı dəyişikliklərə də toxunuldu. QHT-lərin xaricdən qrant almasını məhdudlaşdıran, 2014-cü ildə qüvvəyə minmiş qanunvericilik çox ciddi müzakirə edildi və bu məsələ ətrafında dinləmələr oldu
Beynəlxalq təşkilatlar heç də narahat olmasınlar. Onlar elə bilməsinlər ki, problemləri yalnız özləri qaldırırlar. Beynəlxalq təşkilatlar belə etməklə ölkədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin zəhmətlərini yerə vururlar. Bu gün beynəlxaq qurumlar çox sərt bəyanatlar verirlər. Amma biz hüquq müdafiəçiləri heç də az məsələləri işıqlandırmırıq”.
Hüquq müdafiəçisi bildirib ki, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun dünənki qapalı dinləməsində məhbuslarla bağlı məsələyə xüsusi diqqət yetirilib:
“Sahib Məmmədov da dünənki dinləmədə amnistiya aktı ilə bağlı fikirlərini bildirdi. Bu ay elan ediləcək amnistiya aktı ilə kimlərin hansı maddələrlə azadlığa buraxılacağı müzakirə edildi.
İlin sonuna kimi bir çox siyasi məhbuslar azadlığa buraxılacaq”. (modern)
İnterpress.az