“Bu yolda 60 meyit görmüşəm…”-BAKIDAbackend

“Bu yolda 60 meyit görmüşəm…”-BAKIDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bura Nobel prospektinin “Elektrotok” qəsəbəsindən keçən hisssəsidir.

Yolun bir tərəfində bir neçə kənd və qəsəbə, digər tərəfində isə böyük iş obyektləri yerləşdiyi üçün həmin ərazidə avtobus dayanacağı da quraşdırılıb. Təxminən üzbəüz yerləşən dayanacaqları birləşdirən nə yerüstü keçid var, nə də piyada xətti. Xətsiz qalan piyalar isə ölümlə üzbəüz dayanırlar.

Gündəlik işimizdə bu ərazidə baş verən piyada vurulması, bəzi hallarda ölümlə nəticələnən qəzalardan mütəmadi olaraq yazırıq.

Müşahidələrimizdən də aydın olur ki, marşrut avtobusundan düşüb evinə getmək istəyən şəxslər yolu keçməyə məcbur olurlar. Əliuşaqlı, qoca, cavan, şagird – hər biri evinə çatmaq üçün özünü təhlükəyə atır. Prospektin üzərində həmin əraziyə ən yaxın piyada keçidi Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının binasının qarşısında, digəri isə 59 saylı tam orta məktəbin yaxınlığındadır.

Bu keçidlərin arası təxminən 1600 metrdir. Sakinlər isə haqlı olaraq hər gün bu məsafəni piyada getməyə çətinlik çəkirlər. Çünki dayanacaqda marşrut avtobusundan düşüb yolun qarşı tərəfinə keçmək üçün təxminən 3 kilometr yol qət etməlidirlər. Halbuki piyada xətti və ya keçid olarsa, bunu 20-30 metrlə də etmək olar. Qəsəbə sakinləri problemin həllində aza da qanedirlər, ən azından istəyirlər ki, prospektin həmin hissəsində piyada xətti quraşdırılsın və sürət həddi aşağı salınsın. Əks halda, vətəndaşlar hər gün birgə oturub çay içdikləri dostlarının, atalarının, uşaqlarının ölümünü izləməli olacaqlar.

Dostunun ölümünü seyr edən qəsəbə sakini Vidadi Mikayılov “Qafqazinfo”ya deyib ki, şəxsən o, bu yolda təxminən 60 meyit görüb: “Dostum Vəzirlə bax elə bu danışdığımız yerdə, çayxanada çay içirdik. Sonra durdu, dedi ki, evə gedirəm. Biz oturduq, bir də gördük ki, Vəziri maşın vurdu, elə orada öldü”.

Taksi sürücüsü işləyən və üzbəüz dayanacaqların yaxınlığında müştəri gözləyən Cavid deyir ki, qonşusu Şaiq də bu asfaltda can verib: “Şaiqin 3 uşağı var idi, 30 yaşı ancaq olardı, o da burda öldü. Ondan sonra da bir cavan qızı maşın vurdu, amma o yaralanmışdı”

V.Mikayılov deyir ki, həyatını xilas etdiyi qonşuları da olub: “Orta yaşlı qadını maşın vurmuşdu, tanıyırdım, qonşum idi. Tez maşına qoyub Neyrocərrahiyyə xəstəxanasına apardım, həkimlər qoymadı ölsün. Söz yox, ona görə polisdə xeyli başım ağrıdı, amma qadın ölmədi. Keçən ay da Buludxanla Sahib bir yerdə yolu keçəndə onları maşın vurdu, Buludxan öldü, Sahib sağ qaldı. Hər gün burdayıq da, elə burda da işləyirik. Bir tədbir görülməsə, görək bundan sonra kimi maşın vuracaq? Allah eləməsin, belə bir şey olsa, biz sizə xəbər verərik”.

Yaxınlığımızda dayanan cavan oğlan da öz köməyini təklif edir: “Mənim fotoaparatım var, fotosunu da çəkib göndərərəm”.

Görünür, tez-tez baş verən qəzalar və ölümlər artıq onlar üçün adiləşir.

Sakinlər qeyd edir ki, ərazidə piyada vurulması, ən çox gecə saatlarında, böyüklər işə, uşaqlar məktəbə gedən vaxt, yəni səhər saatlarında və evlərinə qayıdarkən, saat 18 radələrində baş verir. Ərazidə sürət həddi 60 km/saat olsa da, yolun həmin hissəsində radar olmadığı üçün sürücülər 80-100 km/saat sürətində hərəkət edirlər. Bu da həmin yolda qəza zamanı piyadaların sağ qalma şansını azaldır.

Problemin həlli yolları ilə bağlı ekspertə müraciət etdik. “Digesta” hüquq firmasının rəhbəri Ərşad Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, piyada keçidlərinin qoyulması ilə bağlı qanunvericilikdə müəyyən şərtlər var: “Əsas meyar ondan ibarətdir ki, yol hərəkətinin iştirakçısı olan piyadanın təhlükəsizliyi üçün fasiləsiz hərəkət şəraiti yaradılmalıdır. Bu baxımdan yaşayış məntəqələrindən keçən yollarda, müxtılif ictimai obyektlər, məktəb, iş yerləri, ticarıt obyektləri olan yerlərdə mütləq piyada keçidləri olmalıdır.

Əgər yolda maddi imkanlar varsa, yerüstü və ya yeraltı keçid quraşdırılmalıdır. Ən təhlükəsizi budur. Amma, bundan ötrü vəsait tələb olunur. Yeraltı və yerüstü keçid tikmək mümkün olmadıqda, yola eyni səviyyəli “zebra” kimi tanınan piyada xətləri çəkilməlidir və müvafiq nişanlar quraşdırılmalıdır. Bu işlərdə xüsusilə piyada axının olub-olmaması nəzərə alınmalıdır. Hər yedə də piyada keçidi salmaq olmaz. Qanunverciiliyə görə digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır. Piyada keçidlərinin quraşdırılması üçün Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı olmalıdır. Dövlət Yol Polisini Siqnal İdarəsi isə bu qərarı icra edir, nişanları, keçidləri quraşdırır. Bu qərarın verilməsi üçün sakinlər kütləvi olaraq həmin komissiyaya yaxud DYP-nin Baş İdarəsinə müraciət etməlidirlər”.

Qeyd edək ki, sakinlər bildiriblər ki, məsələ ilə bağlı dəfələrlə imza toplayaraq kütləvi şəkildə Daxili İşlər Nazirliyinə və Nəqliyyat Nazirliyinə müraciət etsələr də, heç bir tədbir görülməyib. Ümumiyyətlə, müraciətə reaksiya verilməyib.(QAFQAZİNFO)

İnterpress.az
https://youtube.com/watch?v=bNqYovYe_bo