Bu gün kasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu idarə heyətinin üzvlərilə görüşdü. Görüşdə 10-dək ölkənin QHT təmsilçisi iştirak edirdi.
A.Quliyev qonqlara ölkə QHT-lərinin ümumi inkişaf istiqamətləri, Şuranın formalaşması və fəaliyyət prinsipləri haqqında ətraflı məlumat verərək bildirdi ki, artıq beşinci ildir Şura ölkə QHT-lərinin institusional inkişafına hərtərəfli dəstək verir, keçirdiyi maliyyə yardımı müsabiqələrində isə indiyədək 1394 təşkilata 11,5 mln ABŞ dolları həcmində vəsait ayırıb. A.Quliyev ötən ilin iyul ayında Macarıstandakı beynəlxalq QHT forumunda Azərbaycan QHT-lərinin dövlət büdcəsindən maliyyələşdirilməsinin örnək təcrübə kimi vurğulandığını bildirdi.
Şura sədri, həmçinin, ölkədə QHT qanunvericilik bazasının möhkəmləndirilməsi məsələlərinə də toxunaraq qeyd etdi ki, son illər ərzində Şuranın təşəbbüsü ilə hazırlanmış bir qanun layihəsi qəbul edilmiş, daha üç qanun layihəsi isə QHT mühitində geniş müzakirələrdən sonra Milli Məclisə təqdim edilmişdir. A.Quliyev ölkədə regional QHT-lərin inkişafına xüsusi diqqət yetirildiyini və bu təşkilatların layihələrinin maliyyələşdirilməsinə Şuranın daha həssas yanaşdığını qeyd etdi.
Qonaqlar AVRONEST Parlament Assambleyasının Azərbaycanda keçən sessiyasındakı səmərəli müzakirələrdən məmnun qaldıqlarını və tədbirin bütövlükdə Azərbaycan və üzv ölkələr üçün vacib əhəmiyyət daşıdığını bildirdilər.
Görüşdə Polşa, İsveç, Ukrayna, Belarus, Gürcüstan və başqa ölkələrin təmsilçiləri çıxış edərək, QHT sektorundakı çətinliklərlə bağlı məsələlərin hökumətlə müzakirəsində Şuranın daha böyük fəallıq göstərməsinin vacibliyini qeyd etdilər, həmçinin ölkələr arasında QHT əməkdaşlığının əhəmiyyətini vurğuladılar. (Moden)
İnterpress.az