Siyasi partiyaların iqtisadi şəffaflığı müzakirə olunubbackend

Siyasi partiyaların iqtisadi şəffaflığı müzakirə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seminarda MSK sədri Məzahir Pənahov, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard iştirak edib.

Tədbirin təşkili ilə bağlı Avropa Şurası və Avropa İttifaqına təşəkkür edən MSK sədri M. Pənahov Azərbaycanın müstəqillik qazanması ilə siyasi partiyaların fəaliyyətə başladığını, çoxpartiyalılığın bərqərar olduğunu nəzərə çatdırıb. Hazırda ölkədə 55 siyasi partiyanın dövlət qeydiyyatından keçdiyini xatırladan M. Pənahov siyasi partiyalarla qarşılıqlı əlaqə sahəsində MSK-nın əsas qurumlardan biri olduğunu, siyasi partiyaların fəaliyyətində irəliləyişlər olduğunu söyləyib: “Ölkələrdə hakimiyyət seçkilər yolu ilə formalaşmalıdır. Bu baxımdan siyasi partiyaların fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Azərbaycan müstəqillik qazandıqdan sonra Qərb sivilizasiyasının bir hissəsi olduğunu bəyan edib və qanunvericiliyini buna uyğunlaşdırıb. Hakimiyyət uğrunda mübarizə xalqa xidmət məqsədi güdür və buna görə də siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır. MSK ilə siyasi partiyalar arasında maliyyə şəffaflığı sahəsində əməkdaşlıq da mühüm əhəmiyyət əks edir”.

Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç layihənin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirildiyini söyləyib və qeyd edib ki, məqsəd partiyaların fəaliyyətində şəffaflığa nail olmaqdır: “Bəzi partiyalar maliyyə hesabatlarını təqdim etmir. İnanırıq ki, bir müddət sonra bütün partiyalar tərəfindən MSK-ya maliyyə hesabatları təqdim olunacaq. MSK partiyaları maliyyə hesabatlarını vaxtında təqdim etməyə çağırıb. Bununla əlaqədar MSK-ya əlavə işçilər cəlb olunub. Partiyaların maliyyə fəaliyyətinin şəffaflığı Avropa Şurasının tövsiyələrində əksini tapır. Maliyyə hesabatlarının təqdim olunmasının əhəmiyyəti odur ki, kiçik partiyalar təzyiqlərə məruz qalmasın”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard MSK və Avropa İttifaqının əməkdaşlığını yüksək qiymətləndirdiyini vurğulayıb: “Bu layihə bizim ən yaxşı təcrübələri paylaşmağa imkan verir. Müasir, demokratik dövlət quruculuğunda siyasi partiyaların rolu böyük əhəmiyyətə malikdir. Cinayət, korrupsiya yolu ilə qazanılmış pulların partiyaların maliyyələşməsinə daxil olmasının qarşısının alınması üçün müxtəlif yollar var. Bəzi ölkələrdə bu sahədə problemlər mövcuddur. Ümumi siyasi dəyərlərin formalaşmasında şəffaflığın böyük rolu var. Avropa Şurası və Avropa İttifaqı bu sahədə Azərbaycanla əməkdaşlıq edir və biz buna çox şadıq”.

MSK sədrinin müavini Natiq Məmmədov “Siyasi partiyaların maliyyə fəaliyyətinin aşkarlığının təmin edilməsində hesabatların rolu və bu məsələnin mili qanunvericilikdə həlli” mövzusunda çıxış edib. N. Məmmədov 2 ildir ki, MSK-nın partiyaların maliyyə hesabatlarını qəbul etdiyini, bununla əlaqədar MSK-da 2 sektor yaradıldığını, bu işlə ümumilikdə 10 nəfərin məşğul olduğunu bildirib: “Ölkəmizdə korrupsiyaya qarşı mübarizə proqramları həyata keçirilir və tədbirlərimiz də bu sahədə bir töhfədir”.

N. Məmmədov partiyaların maliyyə hesabatı ilə bağlı qanunvericilik barədə geniş məlumat verib.

Tədbir çıxışlarla davam edib. (apa)

İnterpress.az