Bir neçə gün əvvəl Prezident İlham Əliyev böyük özəlləşdirmə prosesi ilə əlaqədar olaraq fərman imzaladı.
Həmin fərmana əsasən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bundan sonrakı mərhələdə prosesdə iştirak etməyəcək. Daha doğrusu, iştirak etsə də, həlledici tərəf olaraq çıxış edə bilməyəcək.
Prezidentin bu fərmanı ƏMDK sədri Kərəm Həsənovun səlahiyyətlərinin azaldılması anlamına gəlməklə yanaşı, həm də onun hakimiyyətin gözündən düşməsi mənasını daşıyır. Çünki fərmanda bir çox məqamlar var ki, onlar birbaşa Kərəm Həsənovun yarıtmaz fəaliyyətinin nəticələrindən qaynaqlanıb. Lakin ortada açıq qalan tək sual odur ki, Kərəm Həsənov niyə hakimiyyətin gözündən düşüb?
Məsələ ilə bağlı apardığımız araşdırmalar zamanı ortaya kifayət qədər ciddi və ilginc iddialar ortaya çıxıb. Bir qədər də dəqiq ifadə edərsək, komitə sədrinin gözdən düşməsi üçün yetərli qədər əsas verən faktlar varmış. Məlumatlı mənbələrin verdiyi xəbərlərdən belə anlaşılır ki, sözügedən şəxsin hakimiyyətin əleyhinə çıxış edən, hər fürsətdə onu qaralayan AXCP ilə yaxşı münasibətləri olub. Hətta bu münasibətləri quran adam belə var və onun adı da bizə məlumdur.
Qeyd edək ki, Kərəm Həsənovun bir müddət əvvəl ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudovla çox yazşı münasibətləri olub. Üstəlik, tərəflər ortaq biznesə də malik imişlər. Belə ki, Kərəm Həsənovun yaratdığı, qardaşı tərəfindən işlədilən «Azinko» tikinti şirkəti Mahmudovla komitə sədrinin şərikli malıymış. Həmçinin komitə sədrinin qardaşı Malik Həsənovun deputat seçilməsi, habelə bir digər qardaşının isə MTN-də beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik etməsi də fakt olaraq qalır. Ən vacib məqamlardan biri də odur ki, Kərəm Həsənovun bir vaxtlar DYP-də isspektor işləmiş qudası da Eldar Mahmudov tərəfindən Baş İdarənin rəis müavini təyinatı alıb. Aydın məsələdir ki, bütün bunlar səbəbsiz olmayıb.
Aparılan araşdırmalar zamanı üzə çıxan vacib detallardan biri də Kərəm Həsənovun AXCP sədri Əli Kərimliylə dolayı əlaqələrə malik olmasıdır. Mənbə bildirir ki, komitə sədri uzun müddətdə AXCP sədriylə vasitəçi tərəfindən əlaqələndirilib. Həmin şəxs isə Meydan Hərəkatının aktiv üzvlərindən olan, AXCP-də mühüm postlardan birini tutmuş Davud Məmmədovdur.
Bildirilir ki, Davud Məmmədov 2009-cu ilə qədər AXCP-də fəal olub, həmin müddətdən indiyə qədər isə Kərəm Həsənovun biznesini mühasibatlıq işlərini həyata keçirən şəxsdir. Mənbələr iddia edirlər ki, Davud Məmmədov həmin müddətdən sonra komitə sədrinin DYP-nin keçmiş binasının yerində inşa edilmiş marketini, «Baku Mall» Ticarət Mərkəzinin, habelə digər şirkətlərinin qara mühasibatlıq işlərini həyata keçirməklə məşğuldur.
Mənbə xəbər verir ki, Əli Kərimlinin ən yaxın adamı olan Davud Məmmədovun Kərəm Həsənovun yanında işləməsi isə kifayət qədər müəmmalıdır. İddialara görə, komitə sədri hətta AXCP sədrinə həmin şəxs vasitəsiylə pullar da göndərib. Vurğulanır ki, proses uzun müddət davam edib, məsələdən isə Eldar Mahmudov hali olub. Lakin şərikinə qarşı hər hansı bir addım atmayıb.
Nəzərinizə çatdıraq ki, Davud Məmmədov təkcə AXCP sədrinə Kərəm Həsənovun pullarını ötürməyib. Həmçinin bu partiyanın ən radikal üzvlərinə iş verərək, onlara yardımçı olub. Həmin prosesin hazırda baş verib, vermədiyi dəqiqləşdirildiyindən bu barədə geniş məlumat vermirik. Lakin ortadakı bir ciddi məlumat isə ondan ibarətdir ki, Davud Məmmədov AXCP üzvlərinə hazırda da iş təklif edir və onları başına toplayır.
Amma Həsənovun hakimiyyətin gözündən düşməsini təmin edən bir başqa amil daha var. Və böyük ehtimalla bu amil daha inandırıcıdır. Çünki ortadakı fakt yetərli qədər ciddidir və bu komitə sədrinin karyerasının məhvi üçün tutarlı əsas ola bilər. Politika.az xəbər verir ki, Sabirabad hadisələri zamanı əhalini qızışdırıb ortaya atanların başında məhz Davud Məmmədov dayandığı deyilir. Üstəlik, bu, Eldar Mahmudova hava və su kimi lazım olduğu bir məqamda baş verib. Məqsəd həmin aksiyanı aradan qaldırmaqla yuxarıların yanında etimad qazanmaq olub. Amma bu etirazlar necə təşkil olunub? Politika.Az-ın araşdırmalarına görə, həmin vaxt rayonda etiraz edənləri qızışdırıb, küçələrə çıxaranlardan biri elə Davud Məmmədovun atası Zabulla kişi olub. Amma Zabulla Məmmədov, həm də Kərəm Həsənovun verdiyi pulları etirazçılara çatdırmaqla məşğul olub. Belə ki, Eldar Mahmudov və Kərəm Həsənov Aran bölgəsində ciddi etiraz dalğası yaratmaq üçün həm pul, həm də güc sərf ediblər. Nəticədə isə qazanan camaat deyil, bu iki məmur olub. (azerinews.tv)
Qarşı tərəfi də dinləməyə hazırıq.