Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili iş otağını tikilməkdə olan yolun kənarındakı çadıra köçürub Bu barədə Saakaşvili “Facebook” profilində xəbər verib.
Odessa vilayətinin qubernatoru hazırda bütün işlərini və iş görüşmələrini çadırda aparır. İyunun 5-də Saakaşvili gələn həftə iş otağını təmir işləri gedən Оdessa-Reni yolunun kənarına aparacağını qeyd etmişdi.
\”Gələn həftə mən öz otağımı Оdessa-Reni yolunun kənarındakı çadıra aparacağam. İşlərin maliyyələşdirilməsi 100 faiz olana qədər bütün işgüzar görüşləri və qəbulları mən yalnız bu çadırda aparacağam. Bəsdirin insanları ələ saldınız!\”, – deyə sabiq prezident sosial şəbəkədəki səhifəsində yazmışdı.
Saakaşvili hazırda təmir işləri aparılan Odessa-Reni yolu ilə tanış olub və nə işin intensivliyindən, nə də maliyyələşməsindən razı qalmayıb. Saakaşvili bildirib ki, bu məsələlərin müzakirəsi üçün baş nazir Vladimir Qroismanla görüşəcək.
Odessa-Reni yolu 1940-1950-ci illərdə tikilib və etibarlılığı çoxdan tükənib. Yolun 228 kilometrində əsaslı təmir işləri, 61 kilometrində isə cari orta təmir işləri aparmaq lazımdır.
Mixail Saakaşvili 2004-cü il yanvarın 4-də prezident seçilib. 2008-ci il yanvarın 5-də yenidən prezident seçkilərinin qalibi olub. Prezident postuna gələn Mixail Saakaşvili daxili siyasətdə bir sıra yeniliklərə də imza atıb. Onun bu istiqamətdə Rusiya ilə kifayət qədər problemləri də olub. O dəfələrlə Rusiyanı separatizmdə günahlandırmaqla Gürcüstan-Rusiya əlaqələrinin pisləşməsinə gətirib çıxarıb. Ona qarşı öz ölkəsində 4 cinayət işi açılıb. Onlardan biri dövlət vəsaitindən şəxsi məqsədlər üçün istifadədir. (ans)
İntepress.az