Anasının bildirdiyinə görə, Q.Ələkbərova bundan öncə də bir neçə dəfə itkin düşüb.
\”Qızım ruhi xəstədir. Dövlət tərəfindən ona pulsuz dərmanlar verilirdi. Qətibə hər gün dərman atmasa, yaşaya bilməz. Dərmanlar onun əsəblərini sakitləşdirir, yoxsa dəli olar.
Neçə gün idi, Qətibəni axtarırdıq, onun Ermənistana keçməsini qonşulardan eşitdik. Qızım sərhədi necə keçib, hansı yolla gedib, deyə bilmərəm. Qətibə bundan öncə heç kimə xəbər vermədən Bakıya qaçmışdı. Sonuncu dəfə bacısı ilə yatırmış. Birdən gecə saat dörddə oyanıb və həyətə düşüb. Ondan sonra qızımdan xəbər ala bilmədik. Eşitdik ki, Ermənistan tərəfə keçib. Qızıma görə çox narahatam…Xahiş edirəm, dövlət qurumları qızımın qaytarılması üçün bizə kömək etsinlər\”, – deyə Kübra Ələkbərova vurğulayıb.
Qeyd edək ki, iyunun 7-də Ermənistan Respublikasına keçdiyi bildirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, aidiyyəti beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birlikdə aparılan araşdırma nəticəsində məlum olub ki, həmin qadın Gədəbəy rayonu, Arabacı kənd sakini, 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızıdır.
Araşdırma nəticəsində Ələkbərova Qətibə İbrahim qızının Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyən edilib.
\”Hazırda Dövlət Komissiyası tərəfindən Ələkbərova Qətibə İbrahim qızının azad edilməsi istiqamətində tədbirlər görülür. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək\” – deyə Komissiyanın məlumatında qeyd olunur. (azvision.az)
İnterpress.az