Son 5 ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin \”İş yerinə dair arayış\” e-xidmətindən istifadə sayı 30 faizədək artıb.
Bu barədə İnterpress.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Müxtəlif qurumlar tərəfindən bu və ya digər məsələ ilə əlaqədar vətəndaşlardan ən çox tələb olunan arayışlardan biri də iş yerinə dair arayışlardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin \”İş yerinə dair arayış\” elektron xidməti həmin arayışların elektron şəkildə əldə olunaraq təqdim edilməsinə imkan yaradıb.
Hazırda ölkəmizin elektron arayış sistemində xüsusi populyarlığı ilə seçilən bu e-xidmətə müraciətlərin sayı artmaqda davam edir. Belə ki, cari ilin may ayında \”İş yerinə dair arayış\” elektron xidmətindən 15902 dəfə istifadə olunub ki, bu da ötən ilin may ayı ilə müqayisədə 18,7 faiz, cari ilin aprel ayı ilə müqayisədə isə 15,7 faiz çoxdur. Ümumilikdə, cari ilin yanvar-may aylarında vətəndaşlar bu e-xidmətdən ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çox, yəni 73001 dəfə faydalanıblar.
Hər bir şəxs \”Elektron hökumət\” portalında autenfikasiyadan keçərək \”İş yerinə dair arayış\” e-xidmətini seçməklə öz iş yerinə dair arayışı real vaxt rejimində əldə etmək imkanına malikdir. İstifadəçi həmin arayışı elektron formada aidiyyəti təşkilata göndərə, ya da kağız formasında çap edib təqdim edə bilər. Bu sənəddə işəgötürən haqqında məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti, digər məlumatlar əksini tapır. Arayışın təqdim edildiyi hər hansı təşkilat isə onun üzərindəki ştrix-kod vasitəsilə \”E-hökumət\” portalında arayışın, orada əksini tapan məlumatların düzgünlüyünü yoxlaya bilir.2014-cü ilin dekabrında istifadəyə verilən \”İş yerinə dair arayış\” e-xidməti iyunun 1-ə qədər ümumilikdə 300 min dəfəyə yaxın istifadə edilib.
İnterpress.az