Son vaxtlar bəzi fırıldaqçılar bu saytda “Azərqida” MMC-nin adından iş elanı yerləşdirərək xeyli sayda vətəndaşın pulunu mənimsəyib. Saytdakı iş elanları bölməsində yerləşdirilmiş “Azərqida” MMC-yə işçi axtarışı elanı işsiz vətəndaşların diqqətini cəlb edib. Bu səbəbdən də bəzi şəxslər elanda qeyd edilmiş nömrələrlə əlaqə saxlayıblar.
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi M. Balakişiyev küçəsi, ev 46 ünvanında yaşayan Elvin Məmmədov bildirdi ki, mayın 23-də “Lalafo.az”da “Azərqida” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işi ilə bağlı elanı gördükdən sonra saytda yerləşdirilmiş telefon nömrələri ilə əlaqə saxlayıb: “Məndən CV istədilər. Özüm haqda məlumatları “”WhatsApp”la 051-608-90-76 telefon nömrəsinə göndərdim. Bildirdilər ki, özləri əlaqə saxlayacaqlar. Dörd-beş gün sonra – mayın 28-də mobil telefonuma zəng edildi. Dedilər ki, işə qəbul olunmusunuz, ayın 1-də işə başlayacaqsınız. Lakin əvvəlcə 19 manat sığorta haqqı ödəməlisiniz. Mən də “Milli ön” ödəmə terminalı ilə “507 728 171” hesab nömrəsinə 19 manat pul ödədim”.
Lakin vəd edilmiş gündən bir neçə gün ötsə də, ona bu barədə heç nə bildirilməyib: “Bu gün ayın 9-dur, amma hələ heç bir xəbər yoxdur. Bir neçə gün əvvəl əlaqə saxladığım telefon nömrələrinə zəng vururam. Lakin neçə gündür nömrələrin heç birinə zəng çatmır. Hər iki nömrə zəngləri qəbul etmir. Üstəlik, həmin iş elanı saytdan çıxarılıb”. Aldadılmış digər şəxs Bakı şəhəri Biləcəri qəsəbəsi, Məmiş Abbasov küçəsi, ev 7 ünvanında yaşayan Zaur Süleymanovdur: “Bir neçə gün bundan əvvəl “Lalafo.az” saytında “Azərqida” MMC-də iş yeri haqda elan oxudum. Sürücü olmağım və iş axtarmağım haqda məlumat verdim. Mənə 050-976-62-00 telefon nömrəsi ilə Aydın müəllimlə əlaqə saxlamağımı xahiş etdilər. Aydın müəllimlə əlaqə saxladım, mənə “Milli ön” ödəmə terminalı vasitəsilə 19 manat pul ödəməli olduğumu dedi. “507 728 171” hesab nömrəsinə həmin məbləğdə pulu ödədim. Lakin neçə gündür işlə bağlı mənə heç nə deyilmir. Aydın müəllim isə telefonunu söndürüb”.
“Lalafo.az” saytında yerləşdirilmiş saxta elanla aldadılanların sayı bununla yekunlaşmır. Bakı sakini Roza Hüseynova, habelə Rasim Məmmədov da saytdakı elanla tanış olduqdan sonra “Milli ön” ödəmə terminalı vasitəsilə 19 manat ödəyiblər. Lakin bu günə kimi işsiz qalıblar. Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirdi ki, son günlər “Lalafo.az” saytında “Azərqida MMC”-də işçi axtarışı ilə bağlı AİİB-ə çoxsaylı şikayətlər olunur.
O, bu şikayətlərlə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edəcəklərini dedi. Qeyd edək ki, şikayətçilərin müraciətlərini araşdırmaq üçün yazıda qeyd edilmiş mobil telefon nömrələrinin hər ikisinə bir neçə dəfə zəng etdik. Lakin telefon nömrələrinin hər ikisi söndürülmüşdü. “Lalafo.az” saytından isə bildirdilər ki, saxta iş elanı ilə bağlı saytın özünə də şikayətlər edilib.
Buna görə də “Azərqida” MMC-nin adından verilmiş saxta iş elanı saytdan çıxarılıb: “Əfsuslar olsun ki, saytda elan yerləşdirən istifadəçinin nə dərəcədə düzgün və dürüst insan, yaxud şirkət olduğu barədə məlumatımız olmur. Bu səbəbdən bütün istifadəçilərimizə və alıcılarımıza bu mövzuda diqqətli olmaları haqda xəbərdarlıq edirik. Qeyd etdiyiniz məsələ ilə bağlı bütün lazımi tədbirlər tərəfimizdən həyata keçirilib. Elanlar daxil olan müraciətlər əsasında deaktiv olunub və həmin “istifadəçi” blok edilib. Bu barədə istifadəçilərimizə məlumat verilib”. (publika.az)
İnterpress.az