Rusiyadan Azərbaycana qəfil Qarabağ jesti – erməni təşvişdəbackend

Rusiyadan Azərbaycana qəfil Qarabağ jesti – erməni təşvişdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dağlıq Qarabağ məsələsində diplomatik fəallığı yenidən artırıb. Xəbər verildiyi kimi, bu ayın sonunda Rusiyada üç ölkə prezidenti – Vladimir Putin, İlham Əliyev və Serj Sərkisyan arasında üçtərəfli görüşün keçiriləcəyi haqda məlumat yayılıb. Doğrudur, V.Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu yöndə iş gedir və görüş istisna olunmur. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə twitter səhifəsində görüşün iyunun sonunda olacağını əminliklə yazıb.

İstənilən halda Kremlin Qarabağ məsələsində diplomatik fəallıq içində olduğu ortadadır. Belə bir fəallıq Qərbin təşəbbüskarlığının nəticəsi sayılan Vyana görüşündən sonra gözlənilən idi. Bir sıra siyasi analitiklər rəsmi Moskvanın Qarabağ məsələsində tezliklə hansısa formada “revanş” götürəcəyini və “əzələ nümayişi”nə çalışacağını təxmin edirdilər.

Təxminlər doğrulmaqdadır – Kreml təzədən Qarabağ masası arxasına keçir. Özü də belə görünür ki, Rusiya məsələdə öz dominantlığını təkcə diplomatik yöndən deyil, hərbi aspektlərdən də nümayiş etdirmək əzmindədir.

Moskva-İrəvan hərbi işbirliyinin güclənməsi buna sübutdur. Təsadüfi deyil ki, məhz bu arada Rusiya və Ermənistan birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında sazişi ratifikasiya edib. Bu da o anlama gəlir ki, Ermənistanın xarici sərhədləri kimi hava məkanı da bundan sonra Moskvanın nəzarətində olacaq.

 Rusiyadan Azərbaycana qəfil Qarabağ jesti - erməni təşvişdə

Sənəd eyni zamanda Ermənistana Rusiyanın Raket Əleyhinə Müdafiə sistemindən geniş istifadə imkanı verəcək. Lakin sazişdə Dağlıq Qarabağın hava məkanının adı çəkilmir. Bu haqda danışan Ermənistan parlamentinin vitse-spikeri və hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazonov belə də deyib ki, “sənəddə Qarabağla bağlı bir dənə də olsun hərf, vergül belə yoxdur”.

 Rusiyadan Azərbaycana qəfil Qarabağ jesti - erməni təşvişdə

Məntiqlidir. Çünki Dağlıq Qarabağ hüquqi cəhətdən Azərbaycan Respublikasının tərkib hissəsidir. Bununla da əslində Rusiya və onun satelliti Ermənistan faktiki surətdə Azərbaycanın ərazi bütövlüyünü tanımış olub. Rəsmi İrəvan çox istərdi ki (məlumatlara görə, buna xeyli çalışıb da), sazişə Dağlıq Qarabağla bağlı da hansısa “hərf və ya vergül” salınsın, ancaq göründüyü kimi, istəkləri baş tutmayıb.

 Rusiyadan Azərbaycana qəfil Qarabağ jesti - erməni təşvişdə

Bu, həm də o anlama gəlir ki, Azərbaycan öz ərazisində, beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində istənilən vaxt işğalçı qüvvələrə qarşı antiterror əməliyyatı keçirməkdə sərbəstdir və həmin əməliyyatlara Rusiya və “Rusiyanın NATO-su” – KTMT qarışmayacaq. Təbii ki, ta o vaxta kimi ki, əməliyyatlar Ermənistan ərazisinə keçəcək.

 Rusiyadan Azərbaycana qəfil Qarabağ jesti - erməni təşvişdə

Ayrı sözlə, Moskvanın Bakıya son Qarabağ jesti həm də istənilən an Azərbaycanın əli ilə “sözə baxmayan” işğalçı ölkənin cəzalandırıla biləcəyi haqda İrəvana bir mesajdır. Aprel döyüşləri bunun bariz anonsu hesab oluna bilər. O üzdən Ermənistanın təlaşı anlaşılandır. Bəzi bilgilərə görə, İrəvan heç olmasa, bu sazişdən sonra Rusiyadan 200 milyon dollarlıq kredit həcmində silah-sursatı nəhayət, ala biləcəyinə ümid edir…

Dağlıq Qarabağla bağlı Rusiyanın bu yanaşması, daha doğrusu, Bakıya Qarabağ jesti başqa mənalarda da anlaşılandır. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya arasında son illər ərzində strateji tərəfdaşlıq əlaqələri formalaşıb, Bakı Moskvanın mühüm silah alıcılırarından biridir, iqtisadi sahədə əməkdaşlıq genişlənir – bu ilin axırında istifadəyə veriləcək Şimal-Cənub dəhlizi buna əlavə sübutdur.

Rusiya həmçinin, Türkiyə faktoruna görə Azərbaycanla isti münasibətlər saxlamaq zorundadır. İş ondadır ki, “Su 24\” insidentindən sonra Moskva müşahidə eləməmiş deyil ki, iki qardaş ölkə arasında hərbi və başqa sahələrdə əlaqələr nəinki Rusiyaya görə zəifləməyib, əskinə, güclənib (4 günlük müharibədə Azərbaycanın qazandığı uğurda bu amil də var!), üstəlik, Azərbaycan-Türkiyə-Gürcüstan hərbi alyansının əsası qoyulub. Beləcə, Türkiyə faktorunun Qarabağ məsələsinə təsiri, faktiki, artıb.

Bundan başqa, Kreml Putinin Avrasiya layihələrinə Bakının qoşulacağına ümidini hələ itirməyib. Bir neçə gün öncə isə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə bəyan elədi ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və iki dövlət arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. Nəhayət, Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olmasına habelə üç ölkə (Azərbaycan, İran, Rusiya) prezidentlərinin gözlənilən Bakı görüşü dəlalət edir.

Sadalanan amillər prezidentlərin qarşıdakı iyun görüşünə Azərbaycanı daha uğurlu mövqe ilə aparır. (musavat)

İnterpress.az