Bazarda çalışanların verdiyi məlumata görə, artıq bir müddətdir ki, bu cür oğurluq hadisələri tez-tez müşahidə olunur.
Hadisənin ilginc tərəfi oğurluq hadisəsini törədən şəxsin bazarda satıcılardan icarə haqqı yığanlardan birinin bacısı oğlu olmasıdır. Oğurluq edən Kənan adlı şəxsin hədəfində bazarda alver edənlərdir.
Satıcıların verdiyi məlumata görə, bu şəxs bazarda müştərilərin çox olduğu vaxtda satıcıların diqqətinin yayınmasından istifadə edərək onların yeşiklərlə malını oğurlayır.
“Oğurluq hadisələri əsasən axşam saatlarında olur. Bazarda pik saatlarında, alverin qızğın vaxtlarında satıcıların diqqəti yayınır. Bir də xəbər tuturlar ki, mallardan bir-iki yeşiyi oğurlanıb. Belə hallar dəfələrlə olub. Buna şahidlik edən onlarla insan var.
Bəzən o, oğurluq etdiyi yerdə yaxalanır. Həmin şəxsin adı Kənandır. Hamı onu tanıyır. Malı oğurlayıb aparır, dəyər-dəyməzinə bazardakı başqa alverçilərə satır”- deyə satıcılar bildirir.
Narazı satıcılar deyir ki, oğurluq edən Kənan bazarda yer haqqını yığan Nadir adlı şəxsin bacısı oğludur. Buna görə də satıcılar bu məsələnin üstünə çox gedə bilmir: “Camaat bezib. Bəzən döyürlər onu. Ancaq çox adam söz deyə bilmir. Nadir müəllim bazarın pul yığanıdır, yaxşı adamdır. Çox adam ona görə polisə nəsə demir.
Ancaq Nadir müəllim də bundan narahatdır. Deyir ki, mən onunla bacara bilmirəm. Nadir malı oğurlanana deyir ki, nə istəyirsinizsə edin. Amma dava-dalaşla da iş qurtarmır. Bura hamı bir tikə çörək pulu qazanmağa gəlir. Kimləsə dava eləməyə yox. Ancaq camaatın malını oğurlamaq da olmaz axı. Bəzi satıcılar Kənanın oğurladığını bilsə də ona nə isə deməyə çəkinir. Bilirik ki, o, məhkumluq həyatı yaşayıb. Narkotik vasitələrdən istifadə edir. Hamı deyir ki, ağlı başında olmur. Həyatdan bezmiş adamdır. Bir söz deyərsən, çıxarıb bıçağı, adamı vurar. Yəni ki, günümüz belədir. Bilmirik mal sataq, yoxsa malımızı Kənandan qoruyaq”.
Qeyd edək ki, “8-ci kilometr bazarı”nda bazarında nəzarət kameraları quraşdırılıb. Satıcılar da elə bunu nəzərə alaraq deyir ki, əgər Kənan barəsində nəsə tədbir görmək istəsələr, həmin kameralardan bunu sübut etmək olar: “Bir dəfə də burdan oğurluq edildi. İki yeşik gilas oğurlamışdı. Malı oğurlanan satıcı gedib rəhbərliyə şikayət elədi. Baxdılar ki, həqiqətən də oğurluğu edən Kənandır. Dünən də bazardan bir yeşik ərik və başqa mallar oğurlayıb. Oğurlayanda yeşiklə aparır”.
Satıcılar onu da qeyd edirlər ki, son zamanlara qədər bazarda özbaşınalıq olsa da artıq bunlar aradan qaldırılıb, amma Kənanla bağlı hələ ki, tədbir görülmür: “Bu bazarda mal oğurlayan, müştərilərə pul “atan” şəxslər, alıcıları tərəzidə aldadan satıcılar da olub. Ancaq son bir neçə aydır onların qarşısı alınıb. Əksəriyyətini tutdular. Qalanları da bazardan qaçdı. Bir qalıb Kənan”. (musavat)
İnterpress.az