Erməni KİV-də dərc olunan məqalələrin məzmunu bunu deməyə əsas verir. Rusiyanın şimal paytaxtında baş tutacaq Dağlıq Qarabağ sammitində ATƏT nümayəndələrinin olmayacağı qarşı tərəfi narahat edir.
Ötən gün ATƏT-in mətbuat katibliyinin rəhbəri Nataşa Rackoviç qeyd edib ki, sammit Rusiya Federasiyasının təşəbbüsü ilə keçiriləcək və ATƏT sammitinin təşkilində iştirak etmədiyi üçün bu barədə heç bir şərh verə bilməyəcək.
Bundan belə qənaətə gəlmək olar ki, prezidentlərin görüşü ATƏT-in Minsk qrupu çərçivəsində hazırlanmadığından bunu mayın 16-da Vyana baş tutan görüşün davamı saymaq olmaz. Erməniləri narazıı salan əsas məsələ odur ki, prezidentlərin görüşü təmas xəttində insidentlərin araşdırılması üçün Vyanada İrəvan tərəfindən təklif olunan mexanizmlər həyata keçirilmədən baş tutur. Serj Sarkisyan da bunun görüş üçün əsas şərt olduğunu vurğulamışdı.
Məlum məsələdir ki, Azərbaycan cəbhə xəttində bu cür mexanizmlərin tətbiqinin əleyhinədir, çünkü bu status kvonun saxlanılması və möhkəmləndirilməsi deməkdir. Daha əvvəl bu barədə açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də bildirmişdi: \”İnsidentlərin araşdırılması mexanizminə gəldikdə Azərbaycan dəfələrlə bəyan edib ki, bu yardımçı mexanizmə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib elementlərindən biri kimi baxıla bilər. Əks təqdirdə, bu mexanizm işğal faktına əsaslanan mövcud status-kvonun saxlanmasına xidmət edə bilər\”.
İndi Ermənistan istəyinin baş tutmamasına görə Rusiyanı ATƏT-siz iş görməkdə ittiham edir. Ermənistan tərəfi prezidentlərin növbəti görüşünü Vyanada irəli sürülən təkliflərin həyata keçirilməsindən sonra baş tutacağını gözləyirdi. Moskvanın bu təklifi isə erməniləri öz istəyinə zidd hərəkət etməyə məcbur edir.
Sankt-Peterburqdakı görüşün vaxtının dəqiq açıqlanması artıq hər iki tərəfin bu görüşə rəsmən razılıq verməsi deməkdir. İrəvanın danışıqların əvvəlində irəli sürdüyü şərtlər Moskvanın siyasi təzyigi qarşısında mum kimi əridi. Buna daha bir səbəb Ermənistan nümayəndə heyətinin Vyanada təklif etdiyi monitorinq mexanizminin vacibliyinin zəif əsaslandırılması idi. Danışıqlarda iştirak edən bütün tərəflər ideyanın absurdluğunu və bunun münaqişənin dondurmaq istəyindən başqa bir şey olmadığını yaxşı anlayırdı.
Bununla da, Ermənistan tərəfi sülh danışıqları prosesslərini pozmağa nail ola bilmədi. ( anspress.com )
İnterpress.az