“Erməni hərbçisinin sənədlərini götürən şəxs cəzalanmalıdır”backend

“Erməni hərbçisinin sənədlərini götürən şəxs cəzalanmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda aprel döyüşlərində öldürülən erməni podpolkovnikinə məxsus sənədlərin aşkarlanması cəmiyyətdə ciddi marağa səbəb olub. Bu sənədlərin Bakıda necə peydə olması hələlik bəlli olmasa da, onların aprel döyüşlərində iştirak edən hansısa azərbaycanlı hərbçi tərəfindən paytaxta gətirildiyi ehtimalı yüksəkdir.

Maraqlıdır, hərbi komandanlığa təqdim edilməsi gərəkən sənədlərin hansısa hərbçi tərəfindən Bakıya gətirilməsi nə dərəcədə doğrudur? Bu əmələ yol verən hərbçinin tapılıb cəzalandırılması vacibdirmi?

Məsələ ilə bağlı açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov bu məsələnin ciddi şəkildə araşdırılması gərəkdiyini vurğuladı:

“Son günlər mətbuatın gündəmə gətirdiyi maraqlı mövzulardan biri də paytaxtımızda Ermənistan vətəndaşına aid sürücülük vəsiqəsinin, həmçinin ona aid hərbi sənədin tapılması məsələsidir ki, bu da çox böyük ajiotaja səbəb olmuşdu. Müxtəlif versiyalar, müxtəlif yozmalar olsa da, nəhayət ki, məlum oldu ki, bu, aprelin 2-də Qarabağda gedən döyüşlərdə öldürülən podpolkovnik Aleksan Arakelyana aid olan sənədlərdir.

Amma bu erməni vətəndaşının bəzi sənədlərinin Sabunçu rayonu ərazisində, Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsində tapılması çoxlarını çaş-baş salmışdı. Bəlkə də sıravi hansısa erməninin sənədləri olsaydı, bu qədər söz-söhbət olmazdı. Amma bu, işğalçı ölkənin işğalçı ordusunun kifayət qədər yüksək rütbəli zabitinin sənədləri olması sözsüz ki, bəzi narahatçılıqlar yaradırdı. Artıq hər şey aydınlaşıb və yeganə sual və həllini tapmayan məsələ odur ki, cəbhə bölgəsində öldürülən erməni zabitin sənədlərini kim paytaxta gətirib çıxara bilərdi və ya bu necə baş verib.

Şəxsən mənim versiyalarım ondan ibarətdir ki, bu sənədləri erməni hərbçilərinin meyidlərinin saxlandığı morqda işləyən hansısa ya mülki şəxs götürübmüş, ya da bu işlərin içində olan hansısa hərbçi əvvəl götürübmüş, sonra isə lazımsız bir sənəd kimi kiməsə göstərib və yaxud verib, sonra da o sənəd lazımsız əşya kimi atılıb.

Sözsüz ki, bu çox ciddi bir məsələdir. Detallarını xırdalamaq istəməzdim, amma nəzərə alsaq ki, həmin zabitin üzərindən dövlət və ya hərbi sirr təşkil edən hansısa lazımı sənədlər də ola bilərdi, buna görə müvafiq qurumlar çox ciddi addımlar atmalıdırlar.

Kimliyindən asılı olmayaraq, ən sərt cəza tədbirləri də görülməlidir ki, gələcəkdə belə hallar təkrar olunmasın. Bir də, beynəlxalq hüquq və normalar mövcuddur ki, əsir, itkin və ya ölmüş şəxslərin şəxsi əşyaları qorunmalıdır və onlar müvafiq dövlət və ya hökumət orqanları tərəfindən qərar qəbul olunması üçün saxlanılmalıdr. İstənilən halda, bu təkcə bizə aid deyil, eyni zamanda Ermənistan tərəfə də aid olan məsələdir ki, ən azından humanistlik, insanlıq nöqteyi-nəzərindən, yaxınını, əzizini müharibə, döyüş vaxtı itirmiş şəxsin ailəsi üçün bir xatirə, təskinlik mənasını daşıyır. Hətta bu düşmən əşyaları və ya sənədləri olsa belə.

O sənədlərin heç bir əhəmiyyəti olmadığına görə, düşünürəm ki, müvafiq qurumlar onları Arakelyanın ailəsinə çatdırmaq üçün geri qaytaracaqlar. Bunun özünün Azərbaycan adına çox böyük bir humanist addım olmasını zənn edirəm.

Yəqin ki, bu addımın qarşı tərəfdən də analoji addım atılmasına təsiri ola bilər”. (moderator.az)

İnterpress.az