Daimi Nümayəndəlikdən verilən xəbərə görə, daimi nümayəndə Vaqif Sadıqovun sədrlik etdiyi tədbirdə BMT-nin Məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Bəyani, Norveç Qaçqınlar Şurasının Daxili Köçürülmələr üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquqi məsələlər üzrə Baş mütəxəssisi Aleksandr Tayler, Beynəlxalq Miqrasiya Təşkilatının Əməliyyatlar və fövqəladə hallar departamentinin şöbə müdiri Luis Hofman, Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya məsələləri üzrə hüquqi eksperti Fanni Dufvenmark panelçi qismində iştirak edib.
Açılış nitqində səfir V.Sadıqov dünyadakı müxtəlif münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün məcburi köçkünlər məsələsinin əhəmiyyətli olduğunu qeyd edib. O, həmçinin tədbirin “18 iyun – Azərbaycanda İnsan Hüquqları Günü” ərəfəsində keçirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən nümayəndələr silahlı münaqişələr nəticəsində yaranmış məcburi köçürülmə problemi, məcburi köçkünlərin hüquqlarının müdafiəsinin hüquqi çərçivəsi, onların pozulmuş hüquqları, problemlərin qarşısının alınmasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rolundan bəhs ediblər.
Tədbirdəki çıxışında BMT-nin xüsusi məruzəçisi Ç.Bəyani 2014-cü ildə Azərbaycan Respublikasına etdiyi rəsmi səfərindən bəhs edib, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Ç.Bəyani məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması, o cümlədən onların mənzil, təhsil, səhiyyə, sosial və digər sahələrdə olan ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən aparılan işləri yüksək qiymətləndirib və 6 illik fəaliyyəti ərzində heç bir ölkədə belə bir qayğı ilə rastlaşmadığını qeyd edib.
Çıxışları zamanı A.Bilak və A.Tayler də azərbaycanlı məcburi köçkünlərin hökumətdən böyük dəstək aldığını ifadə edərək hökumətin bu sahədəki səylərini yüksək qiymətləndiriblər.
Məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması sahəsində Beynəlxalq Miqrasiya Təşkilatının gördüyü işlərdən bəhs edən L.Hofman və F.Dufvenmark Təşkilatın dünya üzrə 22 milyondan çox ehtiyacı olan insana yardım etdiyini qeyd edib, eyni zamanda, dünyada məcburi köçkünlərin sayının və onların ehtiyaclarının getdikcə daha da artdığını bildiriblər.
Tədbir daha sonra panelçi və iştirakçılar arasında aparılan açıq müzakirələr ilə davam edib. Müzakirələr zamanı Suriya, Yəmən, Şri-Lanka, Ukrayna, Gürcüstan, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinə toxunulmuş və münaqişə nəticəsində yaranmış məcburi köçkün problemlərindən bəhs edilib.
Tədbirdə çoxsaylı dövlətlərin, beynəlxalq hökumətlərarası və qeyri-hökumətlərarası təşkilatların, eləcə də akademik dairələrin nümayəndələri iştirak edib. (apa)
İnterpress.az