Zakir Fərəcovun ermənilərlə işbirliyibackend

Zakir Fərəcovun ermənilərlə işbirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2005- 2015- ci illərdə Abşeron rayonunun, hazırda Sumqayıtın icra başçısı vəzifəsində çalışan Zakir Fərəc oğlu Fərəcovun keçmişi ilə bağlı imzamla dərc olunan yazılardan sonra redaksiyamıza bir sıra müraciətlərin daxil olduğunu qeyd etmişdik. Lakin bu bir neçə gün öncə daxil olan məlumat və apardığımız araşdırmalar nəticəsində aşkara çıxan gerçəklik Sumqayıtın icra başçısının əsl kimliyinə aydınlıq gətirməkdədir.

Zakir Fərəc oğlu Fərəcov 1999-cu ildə Sumqayıtda bələdiyyə sədri, 2005-ci ildən Abşeron rayonunda icra başçısı və 2015-ci ildən hazırkı vəzifədə çalışdığı müddətlərdə yığdığı rüşvətlə milyonların sahibinə çevrildiyi danılmaz fakt olaraq ölkə mediasının gündəmindən düşmür. Bunun nəticəsidir ki, icra başçısının Xızı rayonunda 50 min baş mal-qarası və qoyunu var. Bunula yanaşı həmin rayında minlərlə hektar yatağı və böyük ferması olan məmurun varidatı milyonyarla manat dəyərində qiymətləndirilir.

Ermənilərə xidmət edən şəxs Fərəcovun qohumudur

Fermada onlarla çoban çalışır və onlara Güləbirdli Vaqif ləqəbli şəxs rəhbərlik edir. Zakir Fərəcovun yaxını və qohumu olan bu şəxsin kimliyinə aydınlıq gətirdikdə məlum oldu ki, daim adı qalmaqal və qanunları pozmaqda hallanan icra başçısı təsadüfi məmur olmadığı kimi insanlarımıza xoş olmayan münasibəti təsadüfdən yaranmayıb . Faktlara diqqət edək:

İllər öncə, daha doğrusu 2005 – ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun, hətta deyəsən DİN-in də adının olduğu qorxulu bir bəyanat verilmişdi. Bəyanatda qeyd olunur ki, Azərbaycanın cəbhə təmas xəttində ermənilərlə işbirliyi quran gizli bir qrup aşkar edilib. Bu hadisə ilə bağlı MTN-in Hərbi Əks Kəşfiyyat İdarəsinin və Hərbi Prokurorluğun yaratdığı birgə qrup istintaq aparırdı.

Bəyanatı oxuyanda adamın tükləri biz-biz dururdu. Söhbət Güləbirdli Vaqif kimi tanınan keçmiş hərbçi Vaqif Cabbarov haqqında səsləndirilən cinayət seriyasından gedirdi. Vaxtı ilə Laçındakı Güləbird batalyonunun komandiri olmuş həmin şəxs daha sonra Füzuli rayonunun Böyük Bəhmənli kəndində məskunlaşmışdı. Bəyanatda qeyd edilirdi ki, hələ döyüş əməliyyatları gedən zamanlarda ermənilərlə əlaqə quran V.Cabbarov Azərbaycanın Laçındakı Silahlı Qüvvələri, onların tutduqları mövqelər və digər məsələlər barədə düşmənə məlumat verib. Laçının işğalından sonra da ermənilərlə əlaqələrini kəsməyib, hər gün rayondan 150-200 çörək və ərzaq alaraq ermənilərə verirmiş. Həmçinin onlara Azərbaycan ordusu barədə də məlumatlar ötürürmüş.

Bəyanatda bildirildiyinə görə, V.Cabbarovla birlikdə onun oğlanları Cəlal, Aqil, Cabbar Cabbarovlar, V. Cabbarovun kürəkəni Şakir və onun oğlanları Amillə Anar da həbs olunublar. Şakir Beyləqanda “Sedmoy” adlanan ərazidə yerləşən “N” saylı hərbi hissənin maddi-texniki təminat xidmətinin rəisi işləyirmiş. V.Cabbarovun oğlanlarından biri Almaniyada yaşayıb və orada bizneslə məşğul imiş. O da Almaniyada həbs olunaraq Azərbaycana gətirilib. Məlumata görə, V.Cabbarovun həyətindəki ot tayasının altından külli miqdarda silah-sursat tapılıb. Ondan 2700 xırda, 1500 iri buynuzlu mal-qara, 1 ədəd “KamAZ” (qoşqulu), 2 ədəd hərbi maşın – “Ural”, “UAZ”, 1 ədəd “QAZ 53”, 1 ədəd “LADA 07”, 1 ədəd “Niva”, bir ədəd xarici markalı maşınlar, müxtəlif növ silahlar müsadirə olunub. V.Cabbarovun və oğlu Cəlal Cabbarovun Füzulinin Alıxanlı kəndinin yaxınlığında yerləşən qoyunçuluq yataqları, ailənin Bakıdakı maşın təmiri sexləri və avtomobil hissələri satan mağazaları olub. Verilən məlumata görə, V.Cabbarov həbsindən bir ay əvvəl Laçında toyda olub.

Hətta o da bildirilir ki, V.Cabbarovun Azərbaycanın işğal olunmuş ərazilərində həşiş və narkotik bitki plantasiyaları da olub.Bütün bu məlumatlar MTN, DİN və Baş Prokurorluğun birgə bəyanatlarında yazılmışdı. Ölkə bir-birinə qarışmışdı. Amma nəticə bilirsiniz, nə oldu? Güləbirdli Vaqif bu işə görə bir il iş aldı və bu söhbət öldü. Söhbət həm də ona görə öldü ki, Vaqif Cabbarov o zaman Abşeronun icra başçısı olan Zakir Fərəcovun qohumudur.

Eldar Mahmudov icra başçısını xilas edib

Zakir Fərəcovun keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla sıx işbirliyi və dostluq münasibətləri Vaqif Cabbarovun azadlığa buraxılmasına təkan verdi. Bir il həbsdə qalan və DÖVLƏTƏ, Vətəninə xəyanət edən şəxsin müammalı şəkildə azadlığa buraxılması və “YOXA” çıxması illərlə medianı da düşündürən məqam oldu. Ötən yazılarımızda qeyd etdiyimiz kimi Zakir Fərəcovun Eldar Mahmudova və onun cinayətkar şəbəkəsinə rəhbərlik edən Akif Çovdarova bağışladığı milyonlarla dəyərində furajkalı villa və hektarlarla torpaq sahələri icra başçısının qohumunun azadlığa qovuşmasına yardım edib.

İcra başçısının qohumunun həbsi və düşmənlə işbirliyi quraraq vətənə xəyanətdə adının keçməsi Zakir Fərəcovun əsl kimliyinə aydınlıq gətirməklə onu vəzifəsindən edə bilərdi. Məhz buna görə çox sevdiyi qohumunu azadlığa qovuşduran icra başçısı Vaqifi bu günə qədər hamıdan gizli bir yerdə saxlaya bilib. Lakin araşdırmalarımız nəticəsində ortaya çıxan Xızı rayonundakı ferma Vaqif Cabbarovun da harda saxlanıldığına aydınlıq gətirmiş oldu.

Zakir Fərəcovun DÖVLƏTƏ “sevgisi” təkcə bununla bitmir. O, həbsdən azad etdiyi Vaqif Cabbarovu öz fermasına baş çoban təyin edir və Güləbirdliyə məxsus qoyun sürüsünü də Xızıdakı yatağına aparılmasına yardım edir (Nəzərə alsaq ki, sürüdən başqa yüzminlərlə dəyərində obyektlərdə hazırda bu şəxslərin nəzarətindədir. İkram Rafiqoğlu). Bundan sonra Ceyranbatan qəsəbəsində vətənini düşmənə satmaqda günahlandırılan Vaqifə 20 sot torpaq hədiyyə edir. Bununla kifayətlənməyərək qohumunun oğlanlarına obyektlər və iş yerləri təşkil edir. Hətta ferma müdirinə və adı vətənə xəyanətdə çəkilən V.Güləbirdliyə ən bahalı maşın hədiyyə edərək onun üçün şəxsi sürücü tutur.

Zakir Fərəcovun növbəti gedişi

Maraqlıdır, illərlə vətənə xəyanət edib erməni işğalçılarına ərzaq və digər yardımlar edən şəxs Zakir Fərəcov tərəfindən bu yüksək məhəbbətə layiq görülür. Amma bu məhəbbətin təsdiqi təkcə bunlarla bitmir. Bu yaxında Laçın rayonuna icra başçısı təyin olunan Aqil Ağaxan oğlu Nəzərlidə Güləbird kəndində dünyaya gəlib. Dəhşətli məqam isə Aqil Nəzərlinin vətənə xəyanətdə adı keçən Zakir Fərəcovun qohumu Güləbirdli Vaqifin kürəkəni olmasıdır. Belə ki, Aqil Nəzərli adıçəkilən şəxsin nəvəsini alıb və Fərəcovlarla qohumluğunu möhkəmlədib. Məhz Zakir Fərəcovun dəstəyi ilə Laçına icra başçısı gətirilən bu məmurun atası Ağaxan Nəzərlinin də Güləbirdli Vaqif kimi ermənilərlə yaxınlığı və düşmənə benzin və neft məhsulları satmaqda adı keçdiyi haqqında məlumatlar var və bu faktlar tərəfimizdən araşdırılır.
Daha bir maraqlı fakt isə Güləbirdli Vaqif və Zakir Fərəcovun dövlətdən çaldığı milyonların hansı ölkədə gizlədilməsidir. Həmin ölkədə icra başçısının səfir olan oğlunun dəstəyi ilə ölkədən çıxarılan milyonlar banklara köçürülür. Dövlət qurumlarından gizlədilən milyonlar hazırda həmin ölkənin banklarında Fərəcovların hesabına qoyulub. Bu mövzu ilə bağlı növbəti yazımızda ətraflı məlumat verəcəyik.

Prezidentə müraciət
Hörmətli, Cənab Prezident.

Redaksiyamıza daxil olan bu faktlar əminik ki, Sizdən saxlanılır və bəzi qüvvələrin marağına xidmət edir. Ölkəmizin inkşafı, vətəndaşlarımızın sosial rifahı naminə sərf etdiyiniz əməyin bəhrəsini görməkdəyik. Biz media orqanı olaraq Sizi dəstəkləyir və gördüyünüz işlərdə hər zaman yanınızda olduğumuzu ifadə edirik. Sizin məmurlarımıza verdiyiniz tapşırıqlar və qanunları pozanlara qarşı sərt mövqeyiniz hər bir vətəndaş kimi bizi də sevindirir. Lakin, Zakir Fərəcovun qanunlarımıza sayğısızlığı, dövlətətə xəyanət edənlərlə işbirliyi və onlarla qohumluq əlaqələri narahatçılığımıza səbəb olub. İndi yazılan həqiqətlərin Sizin tərəfinizdən nəzarətə götürülüb tədbir görülməsi üçün tapşırıq verməyinizi xahiş edirik. Biz inanırıq ki, Zakir Fərəcova arxa durub onun qanunsuz əməllərinin ifşa olunmasının qarşısının alınmasına cəhd edənlərin arzuları gerçəkləşməyəcək və bu məmurun fəaliyyətinin DÖVLƏT üçün yaratmaqda olan təhlükələrin qarşısı alınacaqdır.
Sizə öncədən təşəkkür edirik.
Mövzuya qayıdacağıq
İkram Rafiqoğlu

İnterpress.az